2027–2030-cu illər üçün Dövlət Proqramı bu istiqamətin yeni mərhələsini müəyyən edir

2027–2030-cu illər üçün Dövlət Proqramı bu istiqamətin yeni mərhələsini müəyyən edir

Arzu Məmmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Azərbaycan zəngin təbii ehtiyatlara, o cümlədən dəmir filizi, mis, qızıl, alüminium və digər metal filizləri üzrə əhəmiyyətli resurs potensialına malik ölkələrdən biridir. Bu resursların iqtisadi dövriyyəyə cəlb edilməsi ölkənin sənaye potensialının artırılması, qeyri-neft sektorunun şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm istiqamət təşkil edir.

Azərbaycanın müasir sənaye inkişafının tarixi Heydər Əliyevin dövlət idarəçiliyi dövründə həyata keçirilmiş sənayeləşmə siyasəti ilə sıx bağlıdır. 1969–1982-ci illərdə Azərbaycanda əlvan metallurgiya, qara metallurgiya və dağ-mədən sənayesində mühüm inkişaf baş vermiş, sənaye infrastrukturu və ixtisaslı kadr bazasının formalaşdırılması istiqamətində addımlar atılmışdır. Heydər Əliyevin sənayeləşmə siyasətinin uzunmüddətli nəticələrindən biri Azərbaycanda mineral-xammal resursları ilə sənaye istehsalı arasında əlaqənin gücləndirilməsi olmuşdur. 

Prezident lham Əliyevin 22 sentyabr 2026-cı il tarixli çıxışında təqdim olunan 2027–2030-cu illər üçün Dövlət Proqramı bu istiqamətin yeni mərhələsini müəyyən edir. Proqramda dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilir; mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 

Digər mühüm istiqamət əlvan metallurgiyadır. Azərbaycan artıq alüminium, qızıl və digər əlvan metalların istehsalı üzrə sənaye bazasına malikdir. 2012-ci ildə Gəncə alüminium kompleksinin istifadəyə verilməsi zamanı layihənin həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialının formalaşdırılması baxımından əhəmiyyəti vurğulanmışdı. 

Yeni Dövlət Proqramında isə alüminium üzrə daha yüksək əlavə dəyərli məhsullara keçid, elektroliz və yayma məhsullarının istehsal güclərinin artırılması, həmçinin yeni istehsal mərhələlərinin yaradılması nəzərdə tutulur.

Beləliklə, Heydər Əliyevin XX əsrin ikinci yarısında formalaşdırdığı sənayeləşmə yanaşması Azərbaycanın müasir dağ-mədən və metallurgiya siyasəti üçün tarixi baza kimi qiymətləndirilə bilər. Müasir mərhələdə əsas vəzifə bu bazanı yeni texnologiyalar, elmi tədqiqatlar, rəqəmsallaşma və ekoloji standartlarla zənginləşdirməkdir. 2027–2030-cu illər üçün Dövlət Proqramının strateji mahiyyəti yalnız yeni yataqların istismara verilməsində deyil, Azərbaycanın mineral resurslarını tam istehsal zəncirinə daxil etməklə daha yüksək əlavə dəyər yaratmaq potensialındadır.

Paylaş