2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və üzvlərinin sayı artıb
Vəfa İbrahimova
Prezident İlham Əliyev çıxışı zamanı bir daha türkdilli dövlətlərlə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, iqtisadi sahədə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.
Beynəlxalq səviyyədə böyük siyasi çəki və nüfuza malik Türk Dövlətləri Təşkilatının inkişafı və təsisatlanmasında, Türk dünyasının sıx birləşməsində Azərbaycan da öz əməli töhfəsini verib. Prezident İlham Əliyevin “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik” sözləri bunun bariz göstəricisidir.
Ölkəmiz bütün dövrlərdə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amalına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb.
İllər ötdükcə Azərbaycanın və Türkiyənin liderliyi ilə Şuraya üzv ölkələr arasında əməkdaşlıq genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib və üzvlərinin sayı artıb. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. TDT-yə üzv ölkələrin coğrafi mövqeyinə diqqət yetirsək görərik ki, onlar Şərqdən Qərbə tam bir nəqliyyat marşrutu - Orta Dəhliz təşkil edir. Heç şübhəsiz, Azərbaycan bu marşrutda aparıcı rola malikdir. Çünki Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz mühüm tranzit mövqeyə sahibdir.
Ölkə başçımızın qeyd etdiyi kimi, Azərbaycanın tranzit ölkə rolu türk dünyası ilə əlaqələri genişləndirməyə xidmət edir. Bakıdan keçən marşrut Şərqdən Qərbə qurudan yeganə ticarət yoludur ki, bu yol vasitəsilə Çin və Mərkəzi Asiyadan yüklər Avropaya və ya əks istiqamətdə daşınır. İran və Rusiya kimi dövlətlərin ərazilərindən yan keçən bu marşrut Trans-Xəzər nəqliyyat marşrutu adlanır. Rusiya-Ukrayna müharibəsi dünya ticarətinə əsaslı şəkildə təsir edir, tədarük zənciri pozulur, ərzaq qıtlığı yaranır və istehlak qiymətləri yüksəlir. Lakin bu çətinliklərə baxmayaraq, geosiyasi qüvvələr Avropa və Asiyanı bir-birinə çəkməyə davam edir. İran siyasəti xarici investorları qorxudur.
Bu gün Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan ərazilərindən Xəzər dənizi üzərindən Azərbaycan və Gürcüstandan keçərək Türkiyə dəmir yolları vasitəsilə Avropaya birləşdirən Trans-Xəzər marşrutu Asiyadan Avropaya ən qısa yoldur. 2022-ci ildə Trans-Xəzər nəqliyyat marşrutu vasitəsilə Avropaya yükdaşımaların həcmi altı dəfə artıb. Məhz Rusiya-Ukrayna arasında baş verən müharibədən əlavə olaraq dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. 2023-cü ilin yanvar-avqust aylarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub.
Türkiyə coğrafi baxımdan Rusiya, Orta Asiya və Yaxın Şərq arasında yerləşir. Ona görə də öz maraqlarını əsas siyasi meyillərlə əlaqələndirməlidir. Bu, Ankaranı Çinin "Bir kəmər - bir yol" layihəsinə qoşulmağa sövq etdi və iki ölkə arasında əlaqələr o qədər möhkəmləndi ki, 2015-ci ildə Türkiyə və Çin ortaq yol boyunca infrastrukturun inkişafının bir-birinə uyğunlaşdırılması barədə razılığa gələ bildilər. Bu dövr ərzində bir neçə irimiqyaslı layihə həyata keçirildi. Nəticədə Bakı-Tbilisi-Qars dəmir yolu tikildi və 2017-ci ildə uğurla tamamlandı. Ermənistan ərazisindən keçən sovet reyslərini əvəz edən yol əvvəlki Trans-Qazaxıstan dəmir yoluna əlavə olunub. Şərqdən Qərbə nəqliyyat marşrutu 1000 kilometrə qədər qısalıb.
Trans-Xəzər marşrutu Asiyadan ən qısa dəmir yolu əlaqəsinə çevrilib və Ankara Çin və Avropa İttifaqı arasında konteyner daşımaları üçün mərkəz rolunu oynayacaq. Azərbaycan isə bu yol vasitəsilə etibarlı və uğurlu tranzit məkanı kimi çıxış edir. Bu layihə Pekinə ticarət yollarının uğurlu diversifikasiyasına imkanı verir. Çinin siyasi və iqtisadi sabitliyi beynəlxalq ticarətdən asılıdır. Lakin quru yolu Rusiya və Malakka boğazından keçən dəniz marşrutu çətinliklər yaradır.
Trans-Xəzər marşrutu İran, Əfqanıstan və Rusiya kimi yüksək riskli ərazilərdən, həm də dəniz yolunun Malakka və Lombok boğazı kimi dar hissələrindən yan keçir və buna görə də diversifikasiya məsələsində Pekin iqtisadiyyatının əsası olan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Çin öz geoiqtisadi maraqlarını təmin etmək üçün Bosfor boğazı altından Marmara tuneli və boğazın üstündən Sultan Səlim Yavuz körpüsü vasitəsilə Qarsdan Ədirnəyə kimi dəmir yolunu birləşdirmək layihəsini həyata keçirməyə çalışır. Sərnişinlərin sayının üç milyona qədər artacağı gözlənilir. Bakı-Tbilisi dəmir yolu ilə birləşdirilən Trans-Xəzər marşrutu ticarət yolunun uzunluğunu 7000 km, səyahət müddətini isə iki aydan iki həftəyə azaldır.
Azərbaycan müşahidəçi ölkə rolunda Trans-Xəzər marşrutunda iştirak edir. Bu keçid limanları vasitəsilə həyata keçirir və qarşılıqlı inteqrasiya olunmuş sərhəd və gömrük xidmətləri normalarının və texniki standartlarının yaradılmasını təmin edir. Trans-Xəzər marşrutunun uğurunun açarı Xəzər dənizidir. Azərbaycan və Qazaxıstan arasında əlaqələr yenilənib və genişlənib. Xəzər dənizi üzərindən dəmir yolu çəkmək texniki cəhətdən mümkündür. Lakin bu layihənin gerçəkləşməsi üçün zaman və uğurlu siyasi gedişlər vacibdir. Yük daşımalarının artırılmasının öhdəsindən gəlmək üçün ölkələr yeni hava limanları və dəmir yolları inşa edir və yük donanmalarını genişləndirir.
Regiondakı geosiyasi ziddiyyətlər və dəyişikliklər də sözügedən layihəyə təsir edə bilər. Məsələn, 44 günlük müharibədən sonra erməni siyasətçilər sovet dəmir yollarının bərpasını və Türkiyə tərəfindən blokadaya son qoyulmasını təklif edirlər. Bundan başqa, Zəngəzur dəhlizi ilə Naxçıvana gedən dəmir yolu marşrutunun Ermənistanı İrandan kəsə biləcəyi ilə bağlı qorxular var. Lakin rəsmi Bakı dəfələrlə belə əsassız fikirlərə tutarlı cavab verib. Bu baxımdan, Trans-Xəzər nəqliyyat marşrutu mövcud region daxil olmaqla, ümumilikdə türk dövlətləri və digər dövlətlər üçün ən ideal layihələrdən biridir.
Azərbaycan regionda Şimal-Cənub və Şərq-Qərb layihələrinin kəsişməsini təmin edən yeganə ölkədir. Buna görə də coğrafiyamızda türk dövlətlərinin qarşılıqlı əməkdaşlığı digər oyunçularla, xüsusən də Türk Dövlətləri Təşkilatına daxil olmayan Rusiya, İran və Gürcüstan kimi ölkələrlə iqtisadi və siyasi əlaqələrin təmin edilməsi üçün başlıca şərtdir. Azərbaycan türk dövlətləri arasında körpü rolunu oynayaraq, müxtəlif regionlar və regiondankənar böyük ölkələr arasında tranzit ölkə kimi çıxış edir. Buna görə də türk həmrəyliyinin əhəmiyyətini nəzərə alsaq, bu birlik TDT-nin perimetri üzrə yerləşən müxtəlif ölkələr arasında sabit qarşılıqlı əlaqəni təmin edir, digər tərəfdən isə Türk dünyası daxilində səmərəli əməkdaşlığın qurulmasına imkan yaradır