Dil siyasətinin əsaslarını yaradan məhz Heydər Əliyev idi

Dil siyasətinin əsaslarını yaradan məhz Heydər Əliyev idi
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon İHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir. Azərbaycanda xalqın milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm işlər görülmüş və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalanmışdır.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi.
Cənab Prezidentin 2004-cü il yanvarın 13-də imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” digər Sərəncamı isə Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinin başlanılmasını təmin etdi. Azərbaycan Milli Ensiklopediyasının yeni nəşri etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən bir nəşr kimi özünü doğrultdu. Ensiklopediyada xalqımızın bəşəriyyət tarixi, iqtisadiyyatı, mədəniyyəti, elm və siyasətindəki yeri və rolu, respublikamızda bu sahələrdə çalışanların, həmçinin görkəmli azərbaycanlı mesenat, mühacir və neft sənayesi sahibkarlarının nailiyyətləri, Azərbaycanın öyrənilməsində mühüm rolu olan əcnəbi tədqiqatçıların əsərləri öz əksini tapmışdır. Ümumilikdə isə, Azərbaycan Milli Ensiklopediyasının nəşri Prezident İlham Əliyevin maarifçilik məqsədi daşıyan böyük xidməti kimi dəyərləndirilə bilər.
Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə, ahəngdarlığa və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanları vardır. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir.
Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Bizim Azərbaycan dili şeir dilidir