“20 Yanvar hadisələri qan yaddaşımızdır” adlı dəyirmi masa təşkil olunmuşdur
16 yanvar 2026-cı ildə Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin inzibati binasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar hadisələri qan yaddaşımızdır” adlı dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə Bülbülə bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsib İsmayılov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elçin Seyfullayev, şəhid ailə üzvləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Dəyirmi masanı giriş sözü ilə açan Bülbülə bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsib İsmayılov çıxış etmişdir. Nəsib İsmayılov bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elçin Seyfullayev çıxış edərək o qanlı günləri xatırlamış, xalqımızın mətanətli dirənişini xüsusi qeyd etmişdir. Elçin Seyfullayev bildirmişdir ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Ənvər Haqverdiyev xüsusi vurğulamışdır ki, Xalq o müdhiş günlərdə Heydər Əliyevin yoxluğunu ən böyük həqiqət kimi dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Daha sonra şəhid atası Zaur Əliyev, çıxış edən qəsəbə sakinləri Aydın Cananov və Əbdüləli Abbasov o günlərə nəzər yetirərək demişlər ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.