21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu vacib görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev strateji və gələcəyə yönəlmiş çıxışı ilə diqqət mərkəzində oldu. Onun çıxışında Türk dünyasında əməkdaşlığın gücləndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və yaşıl enerji sahəsində inteqrasiyanın dərinləşdirilməsi mövzuları əhatə olunurdu.
Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Macarıstan arasındakı sağlam və etibarlı tərəfdaşlıq münasibətlərinə xüsusi diqqət yetirdi. O bildirdi ki, bu onun Macarıstana altıncı, Baş nazir Viktor Orbanın isə Azərbaycana yeddinci səfəridir. Bu qarşılıqlı səfərlər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin nə qədər sıx və qarşılıqlı etimada əsaslandığını göstərir. Prezident Orbanın rəhbərliyi ilə Macarıstanın müstəqil xarici siyasət yürütməsi və beynəlxalq nüfuzunun artması, Azərbaycanın ona strateji tərəfdaş kimi yanaşmasına əsas yaradır.
Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olan Budapeşt görüşü Türk dövlətlərinin birliyi üçün mühüm addım oldu. Prezident İlham Əliyev çıxışında Qırğızıstan Prezidentini təşkilata uğurlu sədrliyinə görə təbrik etdi və bu il Azərbaycanda keçiriləcək rəsmi Zirvə görüşünə dəvət ünvanladı. Azərbaycanın TDT ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması ölkənin təşkilata verdiyi önəmi və iqtisadi inteqrasiyaya verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir.
Prezident Əliyev Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi diqqət yetirdiyini vurğuladı. O qeyd etdi ki, son illərdə ölkədə avtomobil yolları, dəmir yolları, hava limanları, gəmiqayırma zavodu və dəniz limanlarına milyardlarla sərmayə yatırılıb. Bu sayədə, dənizə birbaşa çıxışı olmasa da, Azərbaycan Avrasiyanın əsas tranzit-logistika mərkəzlərindən birinə çevrilib. 2024-cü ildə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən keçən yükləri 11 milyon tona çatıb. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti 5 milyon tona çatdırılıb və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə işlər davam etdirilir.
Prezident İlham Əliyev çıxışında 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 konfransının uğurlarından bəhs etdi. Cəmi 11 ay ərzində hazırlığı başa çatan bu tədbirdə 77 min nümayəndə və 70 dövlət və hökumət başçısı iştirak edib. 197 ölkəni təmsil edən iştirakçıların iştirakı ilə keçirilən bu mötəbər tədbir dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Qəbul olunmuş qərarlar, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 300 milyard ABŞ dollarına çatdırılması və karbon bazarlarının tənzimlənməsi barədə konsensus, Azərbaycanın bu sahədəki qlobal liderliyini bir daha təsdiqlədi.
Bu nailiyyətlər “Bakı sıçrayışı” kimi tarixə düşdü və Azərbaycanın iqlim diplomatiyasındakı rolunu daha da möhkəmləndirdi. COP29-un nəticələri, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim məsələləri üzrə körpü rolunu oynayan Azərbaycanın beynəlxalq nüfuzunu artırdı.Zirvə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu sənəd yaşıl enerjinin istehsalı və Xəzər-Qara dəniz marşrutu vasitəsilə dünya bazarlarına ötürülməsi üçün mühüm hüquqi və texniki çərçivə yaradır. Bu təşəbbüs təkcə regionda deyil, qlobal enerji bazarında da Türk dövlətlərinin rolunun artmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin Budapeştdəki çıxışı yalnız Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün strateji yol xəritəsi oldu. Onun vizyonu əməkdaşlığa əsaslanan, dayanıqlı inkişafa yönəlmiş iqtisadi modelə və ortaq gələcəyə əsaslanır. Budapeşt Zirvəsi, Türk Dövlətləri Təşkilatı