12 iyun 2026-cı il tarixində Hövsan Sağlamlıq Mərkəzində (Hövsan qəsəbəsi MİDA 1 yaşayış kompleksi Gənclik küçəsi 13 ünvanında yerləşən ƏPT) “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2 saylı regional sektorun müdiri Arif Vəliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, şəhid ailələrinin üzvləri, qazilər və Hövsan Sağlamlıq Mərkəzinin kollektivi iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Hövsan Sağlamlıq Mərkəzin (HSM) baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT sədri Ziyafət Tağıyeva iştirakçıları salamlayaraq bildirib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Diqqətə çatdırıldı ki, bu o tarixdir ki, həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
YAP Suraxanı rayon təşkilatının ƏPT sədr müavini Mayis Mirzəyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov və HSM-nin əməkdaşı Elbrus Musayev çıxış edərək vurğuladılar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, “15 iyun – Milli Qurtuluş günü” Milli dövlətçilik tariximizdə olduqca əlahiddə əhəmiyyət daşıyır. 33 il öncə geçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sonda Ulu Öndərin həyat fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.