Ulu Öndər Heydər Əliyevin hər günü bir tarix idi
Elə şəxsiyətlər var ki, bütöv bir millətin həyatında silinməz izlər qoyaraq, öz xalqına başçı olmaq üçün doğulmuşlar. Yəni fövqəlinsanlar, fenomen şəxsiyyətlər elə dahi, düha kimi doğulurlar. Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən idi.
Heç bir dövlət başçısı əbədi deyil, amma onun qurduğu möhkəm sütunlu dövlət isə əbədi olur və banisini bəşər tarixi boyu yaşadır. Ulu Öndər Heydər Əliyev Qafqazda belə bir mükəmməl, nüfuzlu dövlət qurdu. Azərbaycan onun şah əsəri, yadigarı oldu və o, bu yadigarı bizə əmanət verdi.
Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü il Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışında söylədiyi misralarında dediyi kimi. “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”
Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa vətən deyilir. Vətən azadlıqdır. Torpağın vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqının qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyimiz bu torpağın mənəvi dəyəri çox yüksəkdir.
Türk dünyasının əvəzsiz və misilsiz lideri, əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində Azərbaycan xalqının yetişdirdiyi böyük tarixi şəxsiyyət Heydər Əliyev xatirələrdə dahi insan, qüdrətli siyasətçi, müdrik prezident kimi yaşayacaq. Qədirbilən xalqımız, millətimiz onu həmişə qəlbində, ürəyində saxlayacaq, adını daima uca tutacaqdır. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaqdır.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı Ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı. Ulu öndərin ən başlıca keyfiyyətlərindən biri də öz xalqına ürəkdən bağlılığı, milli ideya və dəyərləri, dilimizi, dinimizi yaşadıb daha da inkişaf etdirmək idi.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.