Vəfa Abasova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin müəllimi
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər.
Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.”Həmin dövrdə hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyünün xəyanətkar siyasəti rayonun işğalına şərait yaratmışdı. Vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan həmin qüvvələr bu yolda suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən ard-arda ələ keçirilmişdi. Xatırladaq ki, həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və nə yolla olursa-olsun, hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi bu yolda bütün xəyanətlərə əl atırdı. 1993-cü ilin aprelində isə onların yaratdığı siyasi böhran Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi ilə nəticələndi.
2020-ci il 25 noyabr tarixində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Bəyanatda qeyd edilən şərtlərə əsasən, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana 10 gün əlavə möhlət verildi. Artıq noyabrın 25-də erməni silahlı birləşmələri və orada qeyri-qanuni məskunlaşdırılan əhali Kəlbəcəri rahat və təhlükəsiz şəkildə boşaltdılar. Vurğulamaq yerinə düşər ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Deməli, Azərbaycanın atdığı addım bütün beynəlxalq konvensiyalara və hüquq normalarına uyğun idi.
Qeyd edək ki, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşdırılan insanlardır. Bəlli olduğu kimi, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlamışdı. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyətin ardından əldə olunan razılaşmaya əsasən, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, rahatlıqla bütün əşyalarını götürüb çıxırlar. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun əksinə olaraq, Kəlbəcər XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib.
Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.”
Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcərin də qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. Həqiqətən də, Azərbaycanın öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi qələbəsi, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi. Ümumiyyətlə, Azərbaycanın bu tarixi qələbəsinin istər ölkədaxili, istər regional, istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcək.