“Əsrin müqaviləsi”dən “Bakı Enerji Həftəsi”nin 30-cu görüşünə doğru

“Əsrin müqaviləsi”dən “Bakı Enerji Həftəsi”nin 30-cu görüşünə doğru
Dilarə Seyidova
Suraxanı rayonu, 97 nömrəli məktəbin təşkilatçısı
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Cari ilin iyun ayının 2-də “ Bakı Enerji Həftəsi” 30-cu dəfə fəaliyyətə başladı. Qeyd edim ki, həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşıb fəaliyyət göstərən “Bakı Enerji Həftəsi” qlobal problemlərin həllində mühüm addım atan tədbirlər siyahısındadır. Özündə üç mötəbər tədbiri birləşdirən “Bakı Enerji Həftəsi” 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi” və 30-cu Yubiley “Bakı Enerji Forum” iyun ayının 4-nə kimi Bakı Ekspo və Bakı Konqres Mərkəzlərində təşkil olunacağı nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenrti İlham Əliyev “Bakı Enerji Forum”un rəsmi açılış mərasimində çıxış edərək deyir: “İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil olunmuşdur. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “ Əsrin müqaviləsi” adlandırılan regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən saziş imzalandı.”
​Qeyd edim ki, 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tuturdu. “Əsrin müqaviləsi”ndə səkkiz ölkənin- Azərbaycan, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanının on üş məhşur neft şirkəti iştirak edirdi. Məhz bu hadisə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsasını təşkil edirdi. Bu haqda Cənab Prezident İlham Əliyev çıxışına davam edərək dedi: ”Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.”
Uğurla inkişaf edən ölkə iqtisadiyyatımızın sürətli inkişaf dinamikasına nəzər salan Cənab prezident çıxışına davam edərək dedi: “Bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir; Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı; Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.”
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunmasında beynəlxalq təşkilatlarla inteqrasiyaya yönəlmiş əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Bakı Enerji həftəsi çərçıvəsində keçirilən tədbirlər proqramında yaşil enerji kimi məsələlər üzərində dayanan Cənab Prezident İlham Əliyev sözünə davam edərək dedi: “Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir. Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək. Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir. Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.”
Beləliklə, iyun ayının 4-nə kimin davam edən Bakı Enerji Həftəsinə dünyanın 39 ölkəsindən 267 şirkət qatılıb. Hesab edirik ki, Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.