Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dərin geoiqtisadi mahiyyətini üzə çıxarır

Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dərin geoiqtisadi mahiyyətini üzə çıxarır

Gülnarə Vəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək rəhbəri

Dünya sürətlə dəyişir və bu dəyişikliyin mərkəzində dayanan ən böyük güc enerjidir. Lakin söhbət artıq dünənin qara qızılından və ya ənənəvi təbii qazından getmir; bu gün qlobal gündəmi yaşıl texnologiyalar, bərpaolunan mənbələr və karbon neytrallığı formalaşdırır. Məhz bu yeni erada Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında formalaşan strateji üçlük təkcə regional deyil, qlobal enerji xəritəsini yenidən cızır. Bakının təşəbbüsü ilə atılan müştərək addımlar regionu gələcəyin təmiz enerji ixracatçısına çevirməkdədir.

Bu proses sadəcə iqtisadi layihələrin icrası deyil. Bu, rəsmi Bakının çoxdandır təməli qoyulan və böyük uzaqgörənliklə idarə olunan enerji siyasətinin – ənənəvi resurslardan yaşıl texnologiyalara keçid strategiyasının ən bariz təzahürüdür. Biz bu gün nəqliyyatın, energetikanın və rəqəmsal texnologiyaların bir-birini necə harmonik şəkildə tamamladığının şahidi oluruq. Və bu harmoniya iki böyük region – Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dərin geoiqtisadi mahiyyətini üzə çıxarır.

Bu kontekstdə Xəzər dənizinə baxış bucağımız da kökündən dəyişməlidir. Xəzər artıq coğrafi bir sərhəd, iki sahili ayıran sadə bir su hövzəsi deyil. O, üzərində nəqliyyat qatarlarının hərəkət etdiyi, dibi ilə boru xətlərinin uzandığı, fiber-optik dalğaların ötürüldüyü canlı bir strateji orqanizmdir. Avrasiyanın ürəyində döyünən bu yeni arteriya Şərqlə Qərbi birləşdirən ən etibarlı və ən qısa körpüdür.

Lakin unudulmamalıdır ki, bütün bu nəhəng layihələrin, milyardlarla ölçülən investisiyaların və hədəflənən iqtisadi rifahın sarsılmaz, yeganə bir təməli var: siyasi sabitlik və təhlükəsizlik. Prezident İlham Əliyevin də hər zaman xüsusi qeyd etdiyi kimi, əldə olunan iqtisadi və siyasi nailiyyətlərin davamlılığı regionda sülhün və sabitliyin qorunmasından birbaşa asılıdır. Təhlükəsizlik təmin olunmadan heç bir iqtisadi dəhliz dayanıqlı ola bilməz. Bu gün Azərbaycanın təklif etdiyi model məhz təhlükəsizliklə tərəqqinin vəhdətidir.

Nəticə etibarilə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaya qoyduğu bu sarsılmaz iradə sadəcə merkantil (ticarət) maraqların uzlaşdırılması deyil. Bu, Avrasiyanın mərkəzində daha təhlükəsiz, daha əlaqəli, müstəqil və dayanıqlı regional məkanın formalaşdırılmasına xidmət edən, dünyaya nümunə ola biləcek bənzərsiz bir strateji tərəfdaşlıq modelidir.

Yeni eranın mərkəzində qürurla dayanan Azərbaycan sadəcə coğrafi üstünlüklərindən istifadə edən bir tranzit ölkəsi deyil. Azərbaycan gələcəyin qlobal bağlantı layihələrinin əsas memarı, təşəbbüskarı və hərəkətverici qüvvəsidir.

 

Paylaş