Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunnndakı fəaliyyəti
Sevinc Yaxşıyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu,101 nömrəli tam orta
Hər il 15 aprel tarixində görkəmli alim və həkim Zərifə Əliyeva hörmətlə yad olunur. Bu gün onun anım günüdür. Zərifə xanım ömrünü insanların sağlamlığına həsr etmiş, minlərlə insana kömək etmiş dəyərli bir həkim olmuşdur. O, sadəcə həkim kimi deyil, həm də savadlı alim və qayğıkeş insan kimi tanınırdı. Xəstələrinə diqqətlə yanaşması və insanlara kömək etməyi sevməsi onu hamının sevdiyi bir şəxsiyyətə çevirmişdi. Zərifə Əliyeva göz xəstəlikləri üzrə mütəxəssis idi və bu sahədə çox mühüm işlər görmüşdür. Onun araşdırmaları sayəsində bir çox göz xəstəliklərinin qarşısını almaq və müalicə etmək mümkün olmuşdur.
Akademik Zərifə Əliyevanın fəaliyyətində mühüm yer tutan müəssisələrdən biri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu olmuşdur. O, burada uzun illər çalışaraq həm həkimlərin bilik və bacarıqlarını artırmış, həm də gənc mütəxəssislərin yetişməsində böyük rol oynamışdır. Zərifə xanım institutda işlədiyi dövrdə göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm yeniliklər etmişdir. Xüsusilə zavod və fabriklərdə çalışan insanların göz sağlamlığı ilə bağlı araşdırmalar aparmış, istehsalat şəraitinin insan gözünə təsirini öyrənmişdir. Onun elmi fəaliyyəti nəticəsində xəstəliklərin qarşısının alınması üçün yeni üsullar tətbiq olunmuş, bu da insanların sağlamlığının qorunmasına böyük töhfə vermişdir.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də milli kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir. O, çalışdığı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda gənc həkimlərin yetişməsinə xüsusi diqqət yetirirdi. Zərifə xanım tələbələrinə yalnız tibbi biliklər öyrətmirdi, eyni zamanda onlara insanlara düzgün yanaşmağı, xəstələrə qayğı ilə davranmağı və peşələrinə məsuliyyətlə yanaşmağı aşılayırdı. Onun rəhbərliyi ilə yetişən mütəxəssislər sonradan Azərbaycanın müxtəlif bölgələrində çalışaraq səhiyyənin inkişafına öz töhfələrini vermişlər. Bu isə onun elmi irsinin bu gün də yaşadığını göstərir.
Zərifə Əliyeva həm də çox mərhəmətli və insanpərvər bir şəxsiyyət idi. O, xəstələrə xüsusi diqqətlə yanaşır, onların problemlərini anlayışla qarşılayırdı. Həkimlik sənətinə böyük məsuliyyətlə yanaşması onu fərqləndirən əsas xüsusiyyətlərdən biri idi. Bu gün onun adı hörmətlə anılır, fəaliyyəti isə gələcək nəsillər üçün örnək olaraq qalır. Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alimdir. O, öz biliyi və zəhməti ilə insanların sağlamlığına xidmət etmiş, eyni zamanda savadlı və vicdanlı həkimlərin yetişməsinə böyük töhfə vermişdir. Biz onun xatirəsini hər zaman hörmətlə yad etməli, onun həyat yolundan nümunə götürməli, elmi irsi ləyaqətlə davam edilməlidir.