Zərifə xanım yüksək elmi nailiyyətlərinə görə Averbax adına mükafata layiq görülüb
Fatimə Mirzəyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 5 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildə isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.
Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Zərifə Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” jurnalı redaksiya heyətinin üzvü idi. Zərifə xanım traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı, amma ağır xəstəliklərlə mübarizədə bu kifayət deyildi. Respublika regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu.
Zərifə xanım da nursuz gözlərinə işıq paylamaq, günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Zərifə xanım yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. Zərifə Əziz qızı Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.