Xocalı 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur.
Aysel Seyidova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
32 ildir ki, Azərbaycan xalqı üçün 26 fevral Xocalı Soyqırımı Günü faciəvi bir gün olaraq qeyd olunur. Bu il də hər il olduğu kimi Azərbaycanda, o cümlədən, müxtəlif ölkələrin ictimai-siyasi tədbirlərində “Xocalıya ədalət” tələbi irəli sürüldü. Bu il də eyni formada dünya azərbaycanlıları Xocalı şəhidlərini yad etdilər. Lakin bu il tədbirlərin keçirilməsində biz acı ilə bərabər qürur hissi də duyduq. Çünki artıq Xocalı azaddır.
Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq, 32 il keçməsinə baxmayaraq bu dəhşətli faciə bizim qan yaddaşıma həkk olunmuşdur. Və biz Xocalıya qayıtsaq da, hər bir kəs öz isti yuvasına geri dönsə də, biz bu qanlı qətliamı, xalqımıza qarşı törədilən bu dəhşətli cinayətləri 300 il keçsə də, unuda bilmərik. Biz bu qan yaddaşımızı necə ki, indiyədək gələcək nəsillərə ötürürdük, bundan sonra da bunu davam etdirəcəyik. Yer üzündə çox faciələr baş vermişdir, lakin qadınlara, uşaqlara, yaşlılara qarşı törədilmiş belə amansız faciə görülməmişdir.
İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Bu zəfər savaşında biz bizə aid olana sahib çıxdıq, öz isti yuvamıza geri döndük. Təbii ki, illərdir ki, biz bu məqsədə sülh yolu ilə çatmaq istəyirdik, lakin qarşımızdakı düşmənin daha amansız olduğunu düşünmürdük. Bu savaş tariximizə zəfər savaşı olaraq həkk olundu.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. Xocalı 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident İlham Əliyev 26 fevral 2024-cü ildə Xocalıya səfər etmişdir və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Burada bir çox vacib məsələlərə toxunulub. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını təsəvvür edə bilməzdik. Sentyabrın 20-də öz suverenliyimizin tam bərpasından sonra dərhal göstəriş verildi ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin. İndiyədək Azərbaycanda yüzdən çox köçkün qəsəbəsi salınmışdır. Artıq beş yaşayış məntəqəsinə məcburi köçkünlər geri qayıtmışdır.
Azərbaycan hər zaman vurğulayıb ki, biz dinc əhali ilə mübarizə aparmırıq, buna sübut olaraq Azərbaycanın erməni işğalçılarından azad etdiyi torpaqlarda hələ də erməni əhalisinin bir qisminin yaşamasını misal gətirə bilərik. Onlar öz vəziyyətlərindən tamamilə razıdır.
Bizim Silahlı Qüvvələrimiz yüksək peşəkarlıqla cəsarət və şücaət göstərərək işğal altında olan torpaqlarımızı azad etmişdir. Biz onlara hər zaman borcluyuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini hər zaman əziz tutub, yad edəcəyik.