1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Qərənfil Əhmədov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

"Şənlik" uşaq bağçası və körpələr evinin müdiri

1 avqust Azərbaycanda ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki Azərbaycan milli varlığının əsas atributlarından olan Ana dili ilə bağlıdır. 2001-ci ildən başlayaraq avqustun 1-i ölkədə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır.  Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin Sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda kiril qrafikalı əlifbadan istifadə edilib. Müstəqilliyinin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub.

2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb.  Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.

Həmin dövrdə Azərbaycanda baş verən oyanış hərəkatı bir çox ziyalılarla yanaşı, görkəmli dilçi alim Afad Qurbanovun da diqqətini Azərbaycan xalqının taleyüklü problemlərinin həllinə yönəldib. Həmin problemlərdən biri də Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının genişləndirilməsinnin təmin edilməsi olub.

Bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanovdur. 1990-cı il avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o komissiyanın sədri təyin edilib.

Azərbaycanda əlifba islahatının aparılmasında Afad Qurbanovun Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə edilən Azərbaycanın yeni müstəqil əlifbanın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi alim, bacarıqlı təşkilatçı, akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə - Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanmasına həsr edib. Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, görkəmli dilçi alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Milli Məclisin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.

Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları - şair, yazıçı, dramaturq və dilçiləri böyük fədakarlıqlar göstəriblər. Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atıb. Ölkədə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.