Elnarə İliyna
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Bakı şəhəri 87 nömrəli tam orta məktəbin müəllimi
Oktyabrın 3-də Prezident seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən Ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasına başladı. Xaos və anarxiya yaradan, istənilən anda, istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ümumi səfərbərliklər, eləcə də ordunun vahid komanda altında birləşdirilməsi nəticəsində düşmənə layiqli cavab verildi, ərazilərimizin işğalının qarşısı alındı. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu.
Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.
İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Xalqımızın müdrik oğlu dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, ölkəmizi tənəzzül və vətəndaş müharibəsi təhlükəsindən azad edən böyük xilaskar, ölkəmizi beynəlxalq aləmdə ali nüfuz məqamına yetirən dahi şəxsiyyət kimi əbədiyaşarlıq qazanıb.