Zəngəzur dəhlizi marşurut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır
Sahibə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu Buta körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycanın 44-günlük müharibədə qazandığı tarixi qələbənin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir.Bu amil 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapmışdır. Bu gün Zəngəzur dəhlizi regionun qaçılmaz reallığıdır. Dəhlizin açılışı ilə Çindən başlayan Xəzər regionundan Türkiyəyə oradan isə Şərqi Aralıq dənizi və Şimali Avropa istiqamətində dünyanın ən böyük ticarət dəhlizi yaradıla bilər.
Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi ,ticarət əlaqələrində rolunu vurğulayıb.
Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir. Cənab Prezident çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxış zamanı Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan da danışıb və regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayıb.
Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Vətən Müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivlər açmaqda davam edir.