Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli məktəbin direktor müavini
Ən qədim insan məskənlərindən biri olan Zəngilan rayonunun ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsilısinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə hal - hazırda Ermənistan Respublikasına aid olan Qərbi Azərbaycan torpaqları olan Mehri və Qafan rayonları ilə sərhəddir. Sovet hakimiyəti illərində ərazisində heç bir elmi tədqiqat işləri aparılmasa belə, Ağalı kəndi ərazisindəki “ Ağalı kahaları” adı ilə tanınan sığınacaqlar, Yeməzli kəndi ərazisində təsərüfat işləri zamanı tapılan e.ə IV-II əsrlərə aid küp qəbirlər və bu qəbrlərdə Makedoniyalı Isgəndərin adına zərb olunan sikkələrin tapılması bu ərazinin çox qədim tarixə malik olamasını sübut edir.
1828-ci ilə qədər bu tarixi ərazinin Bəstilçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində olub. Bir gecənin içində ananı öz övladından aralı salan, Araz adlı nisgillə 200 ildən çox bir müddətdə torpaqlarımızı ikiyə bölən, ürəyimizə dağ çəkən 1828-ci il 10 fevral tarixində imzalanan “Türkmənçay” sülh müqavailəsindən sonra Çar Rusiyası ümumilkdə Qafqazın işğalını başa çatdırdı və işğal etdiyi ərazilərdə yeni inzibati ərazi bölgüsü tətbiq etdi. Yeni inzibati ərazi bölgüsünə əsasən Gəncə Quberniyasına tabe edilən Zəngəzur qəzasına Sisyan, Qafan, Mehri, Qubadlı və Laçınla yanaşı Zəngilanın da ərazisi daxil edildi.
1920-ci il 27 aprel işğalından sonra Azərbaycanda Sovet hakimiyyəti quruldu. Bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirildi. Beləliklə bolşeviklərin dəstəyi ilə ermənilər əzəli Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratdılar. Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.
1925-ci il tarixi sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə ərazisində Genlik, Aladin, Dələkli kimi kəndlərin adları göstərilir. Zəngilan 1930- cu ildən inzibati rayon mərkəzi olur. Zəngilan toponiminin biri kimi vurğulanan “Zəngin ərazi” ifadəsinə uyğun olaraq ərazisində bir sıra faydalı qazıntılar- tikinti daşı, qızıl yatağı, əhəng xammalı, əhəng daşı və s . vardır. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar - ura, tabaşir çöküntüləri yayılmışdır. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsünkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayon ərazisindən dörd çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəstiçay.
Zəngilan rayonu ərazisində onlarla milli və dini-tarixi abidələr olmuşdur. Tarixi-dini abidələrə misal olaraq, XVII əsr İmam Hüseyn məscidini, XIX əsrə aid Qırıq Muşlan, Muşlan, Rəzdərə, Malatkeşin kəndlərindəki məscidləri və s. Ziyarətgahlardan- Bartaz kəndindəki Xanazur türbəsini, Xanazor pirini, Soltan Heydər pirini, Hacılı kəndindəki İzzə pirini, Yeməzli kəndindəki Solotan ocağını, Məhəmmədbəyli kəndindəki Məhəmməd bəyin türbəsini və s. Tarixi memarlıq abidələrinə-Şərifan kəndindəki Şərifan abidələrini (IX-XVI), Qumluq kəndindəki Ağca Aşıq yaşayış yerini misal göstərmək olar ki, bu tarixi milli dəyərlərimiz 1993-cü ildə Zəngilan Füzuli və Cəbrayil rayonlarından sonra ermənilər tərəfindən işğal olunduqdan sonra keçən 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən dağıdılmışdır. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazısi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar. Doğma yurdlarından didərgin düşən zəngilanlıların tam 27 il sonra Azərbaycan xalqının birlik, dirilik və Vətən uğrunda cihadı olan İkinci Vətən müharibəsindən sonra doğma torpaqlara qayıtmaq ümüdləri yenidən cücərdi.
27 sentyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin Azərbaycan Ordusuna düşmən üzərinə əks - hücum etmək üçün əmr verdi. 44 günlük Zəfər tariximiz xalqımızın yaddaşına əbədi olaraq “ Şanlı tarix “ olaraq yazıldı. 2020-ci ilin 20 oktyabr tarixində Zəngilan düşməndən azad edildi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu tarixi qələbə müharibənın sonrakı gedişində ordumuzun xeyrinə böyük əhəmiyyət kəsb etdi.
Zəngilanın işğaldan azad olunmasından dörd il keçir. Bu dörd il ərzində böyük iftixar hissi ilə deyə bilərik ki, dövlət başçımızın apardığı uğurlu, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız düşmədən azad olmaqla yanaşı, böyük quruculuq meydanına çevrildi və bu ərazilərdə sürətli şəkildə bərpa-quruculuq işləri davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi. 200 evdən ibarət gözəl Ağalı kəndi salınıb. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Böyük Qayıdış layihəsi çərçivəsində Ağalı kəndində 175 ailə, yəni 871 nəfər məskunlaşmışdır.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsində Zəngilanın xüsusi rolu var. Çünkü Zəngilanda Günəş enerjisinin böyük potensialı var.
Zəngilan mühüm nəqliyyat qovşağıdır. Böyük strateji əhəmiyyətli Horadiz- Zəngilan-Ağbənd dəmir yolu salınır ki, bu dəmir yolu vasitəsi ilə düşməndən azad olunmuş torpaqlara həm vətəndaşların, həm də yüklərin daşınması həyata keçiriləcək. Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafında böyük rol oynayır. Zəngilanı Naxcıvanla 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Zəngəzur dəhlizinin açılması ilə Naxcıvan Muxtar Respublikası blokadadan çıxır, eyni zamanda quru yolla tarixi torpaqlarımızın birləşdirilməsi həyata keçirilmiş olur. Uca Tanrının yardımı ilə Zəngəzur dəhlizinin açılması növbəti tarixi qələbəmız olacaqdı. Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. İşğal dövründə xalqımıza məxsus olan milli-mənəvi dəyərlərimizin bərpası ilə birbaşa Fond məşğul olur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Zəngilanı daima diqqətdə saxlayır, vaxtaşırı bu əraziyə səfərlər edir, müxtəlif tikinti-quruculuq işlərinə nəzarət edir, müxtəlif obyektlərin təməlqoyma mərasimində və eyni zamanda açılışlarında iştirak edir.
23.12.2020:
Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması.
14.02.2021:
Görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi.
26.04.2021:
Zəngilan rayonunun sakinləri ilə görüş;
Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimi;
Zəngilan-Horadiz avtomabil yolunun təməlqoyma mərasimi;
Zəngilan Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
Davamlı olaraq 20.10.2021-ci ildə, 26.10.2021-ci ildə, 27.05.2022-ci ildə, 19.10.2022-ci ildə Zəngilana etdiyi səfərlərində Prezident İlham Əliyev Beynəlxalq Hava Limanındaki tikinti işləri ilə yaxından tanış olub. Eyni zamanda müxtəlif yaşayış komplekslərin, yol - kommunikasiya şəbəkəsinin, Zəngilan şəhər məscidinin və s. obyektlərin təməlqoyma mərasimlərində, tikintisi ilə tanışlıq və açılışlarında ıştirak edibdir.
Vətəninə bütün qəlbi ilə bağlı olan Cənab Ali Baş Komandan İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üçün şəhər günləri təsis etmişdir ki, bu sərəmcama uyğun olaraq, 20 oktyabr Zəngilan şəhər günü kimi müəyyən olunub. Torpaqlarımızın düşməndən azad olunmasında iştirak edən vətən fədailəri qarşısında baş əyir, Şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə can sağlığı arzulayırıq.
Şəhər gününüz mübarək əziz zəngilanlılar!