Zirvə görüşündə üç qardaş ölkənin bir arada

28 may 2025-ci il tarixində Laçın şəhərində tarixi anlar yaşandı. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə üçlü Zirvə görüşü keçirildi. Bu Zirvədə Prezident İlham Əliyevin açılış nitqi həmrəylik, əməkdaşlıq və dayanıqlı gələcək vəd edən strateji xarakterlə yadda qaldı.
Dövlət başçısı Zirvə görüşündə üç qardaş ölkənin bir arada olmasının və həmrəyliyinin əhəmiyyətinə diqqəti çəkdi. Bu mühüm görüşün işğaldan azad edilmiş Laçında keçirilməsi birlik və bərabərlik simvolu kimi qiymətləndirildi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi tariximizin şanlı səhifəsidir. 44 günlük müharibədə iki qardaş ölkənin Azərbaycanın haqq səsinə səs verib onu dəstəkləməsi, cənab Prezidentin bu ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlıq ifadə etməsi ilə birləşdi. Bu, regional əməkdaşlığın, dostluğun və beynəlxalq tərəfdaşlığın güclənməsinə verilən önəmi ifadə edir.
Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu qardaşlığın əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir.
Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyətcə yeni mərhələyə keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində birgə fəaliyyətlə daha da möhkəmlənir. Bu, qarşılıqlı anlaşma, dayanıqlı siyasət və sadiqliyin nümunəsidir.
Bu mötəbər tədbirin də ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən tarixdə keçirilməsi xalqlarımızın tarixi dostluğa verdiyi önəmi ifadə edir və burada səslənən fikirlər ölkələrimizin rifahı üçün nikbin proqnozlar vəd edir.