“Zəfərin Mübarək, Azərbaycan” adlı tədbir keçirilib
5 noyabr 2026-cı il tarixdə Suraxanı rayonundakı Qasım Qasımov adına körpələr evi-uşaq bağçasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin Mübarək, Azərbaycan” adlı tədbir təşkil olunub.
Tədbirdə 324 saylı, eləcə də Ə.Vəliyev, V.Bayramov və Q.Qasımov adına körpələr evi-uşaq bağçalarının müdirləri və müəssisələrin əməkdaşları iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Q.Qasımov adına körpələr evi-uşaq bağçasının müdiri Saraxanım Süleymanova bildirib ki, ölkəmizin qazandığı bu tarixi nailiyyət təsadüfi xarakter daşımır. Müdir qeyd edib ki, əldə olunan tarixi zəfər ötən müddət ərzində həm ordu quruculuğu, həm də diplomatiya cəbhəsində görülən məqsədyönlü işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli şəkildə təbliğinin nəticəsidir. S.Süleymanova xüsusilə vurğulayıb ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi qələbəni təmin edən mühüm amillər olub. Nərgiz Çıraqova qeyd edib ki, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Daha sonra çıxış edən digər natiqlər vurğulayıblar ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşüb, Azərbaycan Ordusunun gücünü və xalqımızın qüdrətini bəşəriyyətə nümayiş etdirib. Qeyd olunub ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
Tədbir bağçanın körpə fidanları tərəfindən vətənpərvərlik ruhunda hazırlanmış rəngarəng kompozisiyalar, şeir və rəqs nömrələri ilə davam etdirilib.