“Zəfərdən doğan qürur – Xudayarın əbədi səsi” adlı tədbir keçirilib

“Zəfərdən doğan qürur – Xudayarın əbədi səsi” adlı tədbir keçirilib
Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur – Xudayarın əbədi səsi” adlı tədbir keçirilib.
İlk öncə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin qarşısında ucalan Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Lalə Qəti qeyd edib ki, bu tarixi Zəfər xalqımızın birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir: "Bu gün bizlərin üzərinə düşən əsas vəzifələrdən biri uşaqlarımızın vətənpərvər ruhda böyüməsi üçün çalışmaq, onlara vətən sevgisini aşılamaqdır. Rəhbərlik etdiyim mərkəz bu yolda var gücü ilə fəaliyyət göstərir".
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxışında 8 Noyabr Zəfər Gününün 30 illik işğal dövrünə son qoyduğunu bildirib. O, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qazandığı hərbi-siyasi qələbə Ermənistanı kapitulyasiya aktına imza atmağa və ölkəmiz qarşısında baş əyməyə məcbur edib. Bu Zəfər həmçinin Böyük Qayıdışa, regionda və dünya siyasətində yeni sülh sazişlərinə yol açıb.
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova isə çıxışında Zəfərə gedən bu şərəfli yolun əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Ata vəsiyyətini şərəflə yerinə yetirən Dövlət Başçımızın rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Şuşa əməliyyatının hərb tarixinə unikal bir zəfər kimi yazıldığı, 2020-ci il noyabrın 8-nin Azərbaycanın şanlı Qələbə günü kimi tarixdə əbədiləşdiyi vurğulanıb.
Daha sonra çıxış edən digər natiqlər bu böyük Zəfərin asanlıqla qazanılmadığını qeyd ediblər. Bildirilib ki, bu gün ölkəmiz azad, müstəqil və suveren bir dövlətdir, lakin qazanılan bu uğurları qoruyub saxlamaq daha böyük məsuliyyət tələb edir. Bu baxımdan, hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı və hər zaman düşmənə birliyimizi və gücümüzü göstərməyə hazır dayanmalıdır.
Tədbir Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və şagirdləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda bədii-musiqili kompozisiyalar ilə davam etdirilib.

Paylaş