Yeni Xocalıda soyqırımın mənəvi izləri yaşayacaq
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin fondun baş mühafiziçisi
Xocalıya həyat yenidən qayıdır. Əlbəttə, soyqırımın mənəvi-psixoloji izlərini silmək mümkünsüzdür. Lakin həyata geriyə qayıdır. Bərpa işləri sürətlə davam edir.
Yeni yaşayış kompleksləri, məktəb və uşaq bağçaları, tibb məntəqələri və inzibati binalar layihələndirilir və tikilir. Məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı üçün zəruri şərait yaradılır. Dövlət başçısı hər çıxışında Xocalının yalnız bərpa olunmayacağını, həm də müasir, abad və inkişaf etmiş şəhərə çevriləcəyini vurğulayır.
Bununla yanaşı, Xocalıda tarixi yaddaşın qorunması istiqamətində də addımlar atılır. Şəhərdə abidələrin bərpası, memorial komplekslərin yaradılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi nəzərdə tutulur. Bu, həm ədalətin bərpası, həm də gələcək nəsillər üçün tarixi həqiqətlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, Prezident İlham Əliyevin Xocalıya səfərləri təkcə rəsmi xarakter daşımır, həm də bölgənin sürətli dirçəlişinə təkan verən strateji addımlarla müşayiət olunur. Aparılan infrastruktur layihələri Xocalının yenidən həyatla dolu, təhlükəsiz və müasir şəhər kimi formalaşmasını təmin etməyə xidmət edir.
Qayıdış konsepsiyası yalnız fiziki məkanın bərpası deyil, həm də sosial ədalətin və tarixi yaddaşın reabilitasiyası kimi dəyərləndirilir. Bu kontekstdə Xocalı soyqırımı milli yaddaş siyasətinin əsas komponentlərindən biri olaraq qalır.