Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır

Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır
Qulam Səfərzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı RİHB-nin Zığ QİƏD üzrə nümayəndəsi

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır.

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb.

Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.

Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.

Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.

Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır. Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar etməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.