Elçin Seyfullayev
YAP Suraxanı rayon ƏPT-nın sədri
Suraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Bildiyimiz kimi Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycanın müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Qeyd etmək lazımdır ki, Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası və yeni stansiyanın tikintisi barədə cənab Prezident İlham Əliyev 25 oktyabr 2022-ci ildə sərəncam imzalamışdır. Yeni stansiya Mingəçevir şəhərində, indiyədək mövcud olan Azərbaycan İstilik Enerji Stansiyaının modernləşdirilməsi çərçivəsində inşa ediləcək. Müşahidə etdikcə görürük ki, Ölkəmizdə həyata keçirilən siyasi kursun müvəffəqiyyəti təkcə geopolitik güc olmağımızla yekunlaşmır.
Bu gün Azərbaycan Qafqazda və şərqlə qərbin qonşuluğunda qlobal siyasi və iqtisadi qüvvədir. Eyni zamanda ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət dünya enerji mərkəzlərindən biri kimi Azərbaycanın dəyərini daha da artırır. İndi ölkəmiz təkcə ənənəvi neft-qaz enerji mənbələri ilə deyil, həm də alternativ enerji sahəsində də özünü dünya ölkələrinə əməli olaraq bəyan edir.
Bakıda “Gülüstan” sarayında 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi ilə bu sahədə potensialımızı bir daha nümayiş etdirdik. Layihə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Həyata keçirilən bu layihənin əhəmiyyətinə diqqət yetirsək, mütəxəssis hesablamalarına gorə yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Azərbaycan qlobal ekoloji məsuliyyət şüuruna da böyük töhfə verir.
Dövlət başçısı öz çıxışında stansiyanın 2025-ci ildə istifadəyə veriləcəyinə inandığını söylədi : “ Bu, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır”. Azərbaycan Prezidenti bildirdi ki,”stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq”.
Ölkə Başçısının söylədiklərindən məlum oldu ki,1300 meqavat gücündə olan yeni stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək və göründüyü kimi bu layihə Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Beləliklə də Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfi kifayət qədər aşağıdır və bu, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsinə imkan verəcək.
Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması onun etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Yeni stansiyanın tikintisində İtaliya şirkətinin iştirakı əməkdaşlığmızın hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Ümumilikdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı cənab İlham Əliyev İtaliya şirkətlərinin bu işlərdə fəaliyyətini yüksək dəyərləndirmiş, eyni zamanda Çinin bir şirkətinin yeni stansiyanın tikintisində iştirak edəcəyini bildirmişdir.
Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də böyük əminliklə qeyd etməyə əsas verir ki, neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə də zəngin təcrübə qazanan ölkəmizə başqa dövlətlər tərəfindən artan maraqlar tərəfdaş addımlarında da özünün aydın ifadəsini göstərir. Bir vətəndaş kimi sevinirik və qürur hissi keçiririk ki, ölkəmiz həyata keçirilən müasir layihələri ilə dünya üçün yeni bir örnək rolunu oynayır və Azərbaycandan bu sahədə öyrəniləcək çox məqamlar var.