Yeni Azərbaycan Partiyası xalqımızın inam və etimadı sayəsində bundan sonra da parlaq qələbələrə imza atacaq

Yeni Azərbaycan Partiyası xalqımızın inam və etimadı sayəsində bundan sonra da parlaq qələbələrə imza atacaq
Fərqanə Mirzəyeva
Yeni Azərbaycan Partiyasının üzvü
Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə misilsiz töhvələr verib.
Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük Partiyasıdır. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçilik maraqlarının, xalqın mənafelərinin etibarlı müdafiəçisidir. Yeni Azərbaycan Partiyası böyük güc mərkəzi olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 800 minə yaxın üzvü olan, sıralarında cəmiyyətin bütün təbəqələrindən olan fəalları birləşdirən, yüksək nüfuza sahib Yeni Azərbaycan Partiyası ümumxalq Partiyasıdır.
Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü haqqında danışarkən ilk növbədə Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” fikirləri yada düşür. Hər bir dövr üçün aktuallığını qoruyan bu fikirlər zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyasının zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək, ikinci partiyanın mövcud olmadığını təsdiq edir.
30 il ərzində partiya Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına töhfələr verib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
Yeni Azərbaycan Partiyasında biz gənclərə öz potensial imkanlarından maksimum istifadə etmələri üçün bütün şərait yaradılıb. Bu, partiyamızın işində fəal iştirak edən gənclərin strateji vəzifələrini uğurla yerinə yetirməsini təmin edərək, ölkəmizin dinamik inkişafı üçün daha çevik və səmərəli fəaliyyətinə yol açır.
Biz, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünü müstəqil, güclü və Qalib bir dövlətdə qeyd edirik. Mən Qalib ölkənin qalib Partiyasının üzvü olmağımla fəxr edirəm! Qarabağ Zəfərini xalqımıza yaşadan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyası xalqımızın inam və etimadı sayəsində bundan sonra da parlaq qələbələrə imza atacaq!