Yeni Ağdamın dirçəlişi

Yeni Ağdamın dirçəlişi
Natiq Həsənov
Suraxanı rayonu, Bülbülə bələdiyyə sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
İşğaldan azad edilmiş Ağdam şəhərinin dirçəlişi və yenidən qurulması Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biridir. 2021-ci il 28 may tarixində ictimaiyyətə təqdim olunan Ağdamın Baş Planı şəhərin yeni simasını müəyyən edən fundamental sənəddir. Bu plana əsasən, şəhərdə 5 yaşayış məhəlləsinin salınması nəzərdə tutulur və artıq 2-ci məhəllədə 66 binanın tikintisi başlanmışdır. Şəhərin dirçəlişində ilk böyük addım 2024-cü ilin payızında reallaşacaq ilk köçlə atılacaq, bundan sonra digər məhəllələrdə də tikinti işləri paralel şəkildə davam etdiriləcəkdir.
Ağdamın bərpası təkcə şəhər mərkəzi ilə məhdudlaşmır. Hazırda rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində intensiv bərpa-quruculuq işləri aparılır. Eyni zamanda, digər kəndlərin də dirçəldilməsi üçün layihələndirmə işləri davam etdirilir. Bu proses mərhələli şəkildə həyata keçirilir və hər bir yaşayış məntəqəsinin özünəməxsus xüsusiyyətləri nəzərə alınır. Ağdamın yenidən qurulmasında müasir infrastruktur layihələrinin xüsusi rolu var. Bunların arasında Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu və avtovağzal kompleksi, şəhərin daxili yol və kommunikasiya şəbəkəsi kimi strateji əhəmiyyətli layihələr ön planda durur. Bu infrastruktur layihələri şəhərin həm daxili əlaqələrini, həm də ətraf rayonlarla nəqliyyat bağlantısını təmin edəcək.
Şəhərin sənaye potensialının bərpası istiqamətində də mühüm addımlar atılır. Ağdam Sənaye Parkının yaradılması və burada müxtəlif müəssisələrin təməlinin qoyulması bunun bariz nümunəsidir. Bu sənaye parkı gələcəkdə regionun iqtisadi inkişafında mühüm rol oynayacaq və yerli əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli töhfə verəcək. Prezident İlham Əliyevin Ağdama müntəzəm səfərləri şəhərin dirçəlişi prosesində xüsusi əhəmiyyət kəsb edir. 23 noyabr 2020-ci ildən başlayaraq dövlət başçısının hər səfəri yeni layihələrin təməlinin qoyulması və əvvəlki layihələrin gedişatı ilə tanışlıqla müşayiət olunur. İlk səfər zamanı Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması və dağıdılmış Cümə məscidinin ziyarəti rəmzi məna daşıyırdı.
28 may 2021-ci il tarixli səfər zamanı bir sıra mühüm layihələrin - ilk yaşayış binasının, Sənaye Parkının, Zəfər muzeyi və İşğal muzeyinin, 1 saylı məktəbin təməli qoyuldu. Eyni zamanda, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq baş tutdu. 13 fevral 2022-ci il tarixli səfərdə yeni yaşayış kompleksi, "Park Forest Hotel Ağdam" mehmanxanası və 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində aparılan bərpa-restavrasiya işlərinin gedişatı ilə tanışlıq da bu səfərin əsas məqamlarından idi.
2022-ci ilin oktyabrında reallaşan səfər zamanı Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimləri keçirildi. Xurşidbanu Natəvanın abidəsinin açılışı isə şəhərin mədəni həyatının bərpası istiqamətində atılmış mühüm addım oldu. 2023-cü və 2024-cü illərdə də Prezidentin Ağdama səfərləri davam etmiş, yeni layihələrin təməli qoyulmuş və əvvəlki layihələrin icrası nəzərdən keçirilmişdir. 24 dekabr 2023-cü il tarixli səfər zamanı "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışı, dördüncü və beşinci yaşayış komplekslərinin, şəhər Mərkəzi parkının təməlqoyma mərasimləri keçirilmişdir.
25 aprel 2024-cü il tarixində Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdama birgə səfəri, Ağdam Cümə məscidinin bərpadan sonra açılışı və digər tədbirlər şəhərin beynəlxalq əhəmiyyətini bir daha vurğulamışdır. Son olaraq, 19 sentyabr 2024-cü il tarixli səfər zamanı Ağdam Sənaye Parkında yeni zavodların açılışı, "Aghdam City Hotel"in istifadəyə verilməsi və "İmarət" stadionunun təməlinin qoyulması kimi mühüm hadisələr baş vermişdir.
Bütün bu layihələr və görülən işlər Ağdamın tezliklə öz əvvəlki şöhrətini bərpa edəcəyini və hətta onu üstələyəcəyini göstərir. Müasir şəhərsalma prinsipləri əsasında qurulan "Yeni Ağdam" Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək, Böyük Qayıdış prosesində öz layiqli yerini tutacaqdır.