YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ərazi partiya təşkilatının sədri Sevda Hacıyevanı 70 illik yubileyi münasibəti ilə təbrik etmişdir
14.05.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri uzun illər partiyaya ləyaqətlə xidmət etmiş ərazi partiya təşkilatının sədri Sevda Hacıyevanı 70 illik yubileyi münasibəti ilə təbrik etmişdir.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Sevda xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə, təhsilinin inkişafına həsr etmişdir. Təhsil sahəsində uğurları ilə yanaşı Sevda Hacıyevanın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də uzun illər rəhbəri olduğu 2 saylı uşaq evində məskunlaşmış, valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlara köməklik göstərilməsində, onların cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrinə, onların sosial problemlərinin həllinə dəstək göstərilməsində Sevda Hacıyevanın rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Sevda Hacıyevanın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli rəhbər, eyni zamanda insanlara elm, savad aşılayan bir müəllim olmaqla yanaşı, həm də işlədiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəallığı ilə seçilmişdir. Dövlətimizin və cənab Prezidentimizin haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir.
Göstərilən diqqətə və qayğıya görə yubliyar YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirmişdir. Sevda Hacıyeva bildirmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.