YAP Suraxanı rayon təşkilatının rəhbərliyi ərazi partiya təşkilatının sədri Ramella Quliyevanın 65 illik yubileyini təbrik etmişlər
15.05.2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri ərazi partiya təşkilatının sədri, 43 saylı şəhər poliklinikasının baş həkimi Ramella Quliyevanı 65 illik yubileyi münasibəti ilə təbrik etmişlər. Tibb ocağına ziyarət əsnasında bir qrup səhiyyə işçisi ilə səmimi görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Ramella xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və səhiyyəsinin inkişafına həsr edib. Tibb sahəsində uğurları ilə yanaşı Ramella xanımın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Ramella Quliyevanın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli baş həkim, insanlara sağlamlıq bəxş edən bir təbib olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov demişdir ki, Ramella Quliyevanın gənc həkimlərin, tibb işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. Ramella Quliyeva bildirmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.