YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri Sənan Əliyevi təbrik etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri Sənan Əliyevi təbrik etmişlər

17 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri  Hövsan qəsəbəsi Hafiz Quliyev küç 11 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  23 saylı Şəhər Poliklinikasının baş həkimi Əliyev Sənan İslam oğlunun 60 illik yubileyi münasibəti ilə yubilyarı təbrik etmişlər.

Tibb ocağına ziyarət əsnasında bir qrup səhiyyə işçisi ilə səmimi görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Sənan Əliyev uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və  səhiyyəsinin inkişafına həsr edib. Tibb sahəsində uğurları ilə yanaşı Sənan Əliyevin ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır.

Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, Sənan Əliyevin Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli baş həkim, insanlara sağlamlıq bəxş edən bir təbib olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov demişdir ki,  Sənan Əliyevin gənc həkimlərin, tibb işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.

Göstərilən diqqətə və qayğıya görə yubilyar Sənan Əliyev YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. Sənan Əliyev bildirmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.