YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Elçin İsmayılovun oğlu Ömərin doğum günündə iştirak etmişlər
Azərbaycan öz tarixi torpaqlarını canlarını vətən uğrunda qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Canlarını, sağlamlıqlarını vətənin bütövlüyü uğrunda qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatələnirlər.
Azərbaycanın rəşadətli ordusunun qəhrəman hərbiçisi, Suraxanı rayon sakini olmuş və cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeni,“Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kapitan İsmayılov Elçin Mübariz oğlunun övladı Ömərin 8 yaşı tamam olur. Bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Əsgər Xəlilov, Milli Məclisin deputatı Etibar Əliyev və digər rəsm şəxslər ailəni ziyarət edərək, şəhidin övladını təbrik etmiş, doğum gününü qeyd edən balamıza hədiyyələr təqdim olunmuş, şəhid ailəsinin qayğıları ilə maraqlanılmışlar. Vüqar Seyidov bildirmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.
Sonda şəhidin ailəsi Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.