YAP Suraxanı rayon təşkilatında “İki nəslin görüşü” adlı tədbir keçirilmişdir
4 dekabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında partiyanın veteranları ilə fəal gənclərin görüşü keçirilmişdir. Görüşdə YAP Suraxanı rayon təşkilatına uzun illər ləyaqətlə xidmət etmiş insanların bir qrupu ilə yanaşı, Birinci Qarabağ Müharibəsi şəhidlərinin valideynləri və rayon təşkilatının fəal gəncləri iştirak etmişlər. Səmimi çay süfrəsi ətrafında keçən görüş YAP-ın yaradıcısı, xalqımızın müdrik lideri Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq bildirmişdir ki, bu görüşün məqsədi bütün mənalı ömrünü doğma partiyaya həsr etmiş insanların, eyni zamanda da şəhid ailələrinin gənclərə tanıdılması və təbliğidir. Vüqar Seyidov bildirmişdir ki, gənclərin formalaşmasında YAP-ın müstəsna xidmətləri vardır. YAP rəsmisi xüsusi qeyd etmişdir ki, tədbirlərimizin təşkili, ən çətin, ən ağır pandemiya günlərində əhalinin həssas təbəqəsinə yardımların çatdırılması, partiya tapşırıqlarının yerində, operativ yerinə yetirilməsində əsas güc gənclərimizin üzərinə düşür. Bu cür görüşlərimizin əsas məqsədi gənclərin yaşlı nəslin nümayəndələrinə hörmət və ehtiram hissini aşılamaqdan ibarətdir. Yerli təşkilatın sədri VII Qurultaydan sonra YAP-da Veteranlar Şurasının yaradılmasına və Gənclər Birliyində həyata keçirilən islahatlara toxunaraq bildirdi ki, hər iki nəsilin qarşılıqlı əməkdaşlığı şanlı Zəfərimizi əldə etdiyimiz bugünlərdə daha da aktual məsələdir. YAP-ın veteranlarının təcrübəsi, gənclərinin isə dinamikliyi son nəticədə inkişafa gətirib çıxaracaqdır.
YAP Suraxanı rayon təşkilatının veteranları çıxış edərək göstərilən ehtirama və hörmətə görə öz dərin minnətdarlıqlarını bildirmişlər. YAP Suraxanı rayon təşkilatının fəal gənclərinin ölkədə həyata keçirilən gənclər siyasətində xidmətlərinin müstəsna olduğu xüsusi vurğulanmışdır.
YAP Suraxanı rayon təşkilatının fəal gəncləri də çıxış edərək bildirmişlər ki, rayon təşkilatının özünəməxsus tarixi ənənələri vardır. YAP-a qoşulan hər bir gənc Ulu Öndərin siyasi kursuna sədaqətlə xidmət etməli, partiya tapşırıqlarına sözsüz əməl etməli, partiya ənənələrini mühafizə edərək özündən sonra gələn nəsillərə ötürməlidirlər.