YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi qazisinə baş çəkmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  Vətən Müharibəsi qazisinə baş çəkmişlər

27 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Zülal Tağıyev 14 ünvanında yerləşən ƏPT-nin sədri Ceyran Novruzova və təşkilatın nümayəndələri Vətən Müharibəsində ağır yaralanmış və uzun reabilitasiya prosesi keçən qazi Fətullayev Məhəmməd Rövşən oğlunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, YAP-ın sədri cənab İlham Əliyevin tapşırığına uyğun təmin olunduğu yeni mənzilində ziyarət etmişlər.

Vətən Müharibəsi qazisi Məhəmməd Fətullayev və ailə üzvləri qazilərə göstərilən qayğıdan razı olduqlarını bildirmişlər. Dövlətin şəhid ailələrinə və qazilərə yaratdığı şəraitdən bəhs edən Məhəmməd Fətullayev 3 otaqlı ev ilə təmin olmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişdir. Qazi müalicəsinin də yüksək səviyyədə aparıldığını xüsusi vurğulamışdır.

Ziyarət əsnasında Vətən Müharibəsi qazisi Fətullayev Məhəmməd Rövşən oğlunun ailə vəziyyəti və sosial durumu ilə yaxından tanış olan Vüqar Seyidova bildirilmişdir ki, Məhəmməd bir neçə aydır ki, ailə həyatı qurmuşdur. Yerli təşkilatın sədri Vətən Müharibəsi qazisini həm ailə həyatı qurması münasibəti ilə, həm də dövlət tərəfindən yeni mənzillə təmin olunması ilə əlaqədar YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından təbrik etmişdir. YAP-ın rəsmisi xüsusi qeyd etmişdir ki, Vətən Müharibəsindən sonra istər şəhid ailələri, istərsə də qazilərlə rayon təşkilatı sistematik iş qurmuşdur. Hər bir edilən müraciətin dəyərləndirildiyini ifadə edən təşkilat sədri qazilərin fiziki, psixoloji, mənəvi və sosial bərpası üçün istənilən köməyə hazır olduqlarını bildirdi. Vüqar Seyidov ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqəyə olan münasibətlərinin hər bir vətəndaş üçün etalon olduğunu xüsusi vurğulamışdır.