YAP Suraxanı rayon təşkilatının nümayəndələri Şəhid Sənan Əhmədovun doğum günündə iştirak etmişlər
15 fevral şəhid əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasən oğlunun doğum günüdür. Şəhidimizin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, təşkilatın nümayəndələri və 172 saylı tam orta məktəbin kollektivi Suraxanı rayon Hövsan yaşayış kompleksində (MİDA) yaşayan ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar
Şəhidin ad günündə qəhrəman vətən övladlarına, onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimiz kimi əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasən oğlunun da xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə və onların ailələrinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir. Daha sonra Vüqar Seyidov YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından şəhidin ailəsinə “Anım lövhəsi” təqdim etmişdir.
Qeyd edək ki, şəhid əsgər (MAHHXHQ) Əhmədov Sənan Qalasən oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.