YAP Suraxanı rayon təşkilatının nümayəndələri ərazi partiya təşkilatının sədri İmmi Ələkbərovanı təbrik etmişlər
11 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi 4 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 3 saylı doğum evinin baş həkimi Ələkbərova İmmi İsmayıl qızının 60 illik yubileyi münasibəti ilə yubliyarı təbrik etmişlər. Tibb ocağına ziyarət əsnasında bir qrup səhiyyə işçisi ilə səmimi görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, İmmi xanım uzun illərdir ki, öz mənalı ömrünü müstəqil Azərbaycan dövlətinin çiçəklənməsinə və səhiyyəsinin inkişafına həsr edib. Tibb sahəsində uğurları ilə yanaşı İmmi xanımın ictimai-siyasi həyatdakı fəaliyyəti də təqdirəlayiqdir. Xüsusi ilə də Suraxanı rayonunda həyata keçirilmiş tədbirlərin reallaşdırılmasında onun rolu və xidmətləri müstəsnadır.
Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, İmmi xanımın Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında fəaliyyəti özündən sonra gələn nəsillər üçün vətəndaşlıq nümunəsidir. O, ləyaqətli baş həkim, insanlara sağlamlıq bəxş edən bir təbib olmaqla yanaşı, həm də rəhbərlik etdiyi kollektivdə ərazi partiya təşkilatının sədri kimi doğma partiyamıza sədaqətlə xidmət etmiş, dövlətimizin və cənab Prezidentimiz haqlı siyasətinin geniş kütlələr arasında təbliğində aktiv iştirak etmişdir. Vüqar Seyidov demişdir ki, İmmi Ələkbərovanın gənc həkimlərin, tibb işçilərinin siyasi tərbiyəsində, yetişməsində, partiya sıralarına cəlb olunmasında və keçirilən tədbirlərin yüksək səviyyədə təşkilində əməyi danılmazdır.
Göstərilən diqqətə və qayğıya görə yubliyar İmmi Ələkbərova YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir. İmmi Ələkbərova bildirmişdir ki, bundan sonra doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.