YAP Suraxanı rayon təşkilatının dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşləri uğurla davam edir

YAP Suraxanı rayon təşkilatının dövlət başçısının  VIII Qurultaydakı nitqi ilə bağlı görüşləri uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüşləri uğurla davam etdirir.

13 oktyabr 2026-cı il tarixində Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 4042/60 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (277 saylı körpələr evi-uşaq bağçası) növbəti görüş keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 277, 279, 338 saylı, həmçinin “Tumurcuq” və “Şənlik” körpələr evi-uşaq bağçalarının YAP üzvləri iştirak ediblər.

Görüşdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, 2 oktyabr 2026-cı il tarixində keçirilən YAP-ın VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra baş tutan ilk tarixi partiya ali məclisidir. Bu qurultay, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsi olduğunu bir daha təsdiqlədi. VIII Qurultay milli həmrəyliyimizin, davamlı inkişafın və Böyük Qayıdışın siyasi təminatçısı rolundadır.

Daha sonra çıxış edən Ərazi Partiya Təşkilatının sədri, 277 saylı körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva və 279 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi, YAP üzvü Ülviyyə Cəbiyeva qeyd ediblər ki, bu gün bizim gəncliyimiz süni şüarlarla deyil, torpaqlarımızı azad edən qəhrəmanların real Zəfər tarixi ilə böyüyür. Dövlət başçımızın çağırışına uyğun olaraq, vətənpərvər gələcək qurmaq – həm şanlı keçmişimizə sahib çıxmaq, həm də yüksək elm və texnologiya ilə Azərbaycanı daha da gücləndirmək, Müzəffər Rəhbərin ətrafında sıx birləşmək deməkdir.

Çıxış edən digər natiqlər vurğulayıblar ki, Prezidentin qeyd etdiyi kimi, hər bir dövrün öz tələbləri var və biz ideoloji işimizi şablonlardan uzaq, tamamilə yeni və müasir metodlarla qurmalıyıq. Azərbaycanın bu gün gələcəyə addımlayan gəncliyi – torpaqlarımızı azad edən, suverenliyimizi tam bərpa edən rəşadətli nəslin davamçılarıdır. Bizim fərqimiz və ən böyük üstünlüyümüz ondadır ki, gənc nəslə vətənpərvərliyi aşılamaq üçün süni miflərlə deyil, şanlı zəfərlərimizin gerçək tarixi ilə çıxış edirik.

Görüşün sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.

 

Paylaş