YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir

YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir

Gülarə Mirzəyeva 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayon 317 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il keçir. Tarixə nəzər salsaq görərik ki, partiyanın yaranmasına zərurət 30 il əvvəl cərəyan edən hadisələr, mövcud siyasi-ictimai şəraitin həll yolunda məntiqi addım idi. O zaman müstəqilliyimizin təhlükə altında olması, iqtisadi böhran,  parlaq görünməyən gələcək...

Azərbaycanın ümidi isə müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan görkəmli siyasi xadim Heydər Əliyev idi. 1992-ci ilin oktyabr ayında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Və nəhayət 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirildi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına imza atmış oldu.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Ümummilli Liderin yaratdığı azad Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətinin təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Bu gün Azərbaycan qalib ölkədir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın.

05.03.2021 tarixdə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.  VII qurultayın ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu, Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu vurğulayıb. Prezident İlham Əliyev çıxışında qeyd edib: “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub

Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Və bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uğurlu gələcəyə sahib olacaqdır.