YAP - ın VII Qurultayı müasir çağırışılara hazır olan yeni mərhələnin başlanğıcısır

YAP - ın VII Qurultayı müasir çağırışılara hazır olan yeni mərhələnin başlanğıcısır

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Yarandıqdan qısa müddət sonra xalqın yekdil dəstəyi ilə iqtidar partiyasına çevrilən partiyamız müstəqil Azərbaycanın tarixində davamlı uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyası yaranandan təxminən altı ay sonra partiyanın yaradıcısı və sədri Ümummilli liderimiz Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Əvvəlcə ölkədəki böhran, qeyri-sabitlik aradan qaldırıldı, aparılan geniş və hərətəfli islahatlar, düşünülmüş siyasət böyük inkişafın başlanğıcı oldu. Bu düşünülmüş, uğurlu siyasət nəticəsində böyük nəticələr əldə olundu. Məhz bu möhtəşəm siyasət nəticəsində Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. Hər bir vətəndaş razılaşar, qəbul edər ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilatdır.


Yeni Azərbaycan Partiyasının həyatında baş verən mühüm hadisələrdən biri partiyanın VII qurultayı olmuşdur. 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda partiyamızın sədri, Prezidentimiz İlham Əliyev ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilməlidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin uğurlu islahatlar siyasətinin davamıdır. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.


VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmiş, partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmiş, Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.


Yeni Azərbaycan Partiyasının xarici əlaqələri bu gün uğurla davam edir.Yeni Azərbaycan Partiyası ilə qardaş Türkiyənin iqtidar partiyası arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmiş, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilmiş görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olunmuşdur. Partiyamızın həmçinin Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. Bütün bunlar bir daha nümayiş etdirir ki, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verir.
Son bir il ərzində görülən işlər deməyə əsas verir ki, həqiqətən hər zaman müasir çağırışılara hazır olan Yeni Azərbaycan Partiyasının həyatında VII Qurultay yeni mərhələnin başlanğıcı olub. Uğurla həyata keçirilən islahatlar isə partiyamızın bundan sonrakı fəaliyyətinin də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacağından xəbər verir.

Çingiz İbrahimov 

YAP Göyçay rayon təşkilatının əməkdaşı