29 illiyini qeyd etdiyimiz YAP-ın yarandığı günləri xatırlayarkən gözümün qarşısında 90-cı illərdə yaşadığım o qəhrəman Naxçıvan şəhəri dayanır. Blokada şəraitində olan şəhər işıqsız, qazsız, susuz, neft lampaları üçün növbələr, soyuq və qaranlıq küçələr. Yaşamaq uğrunda mübarizə aparan bu şəhər SSRİ-nin dağılması barədə ilk cəsarətli addım ataraq bəyanat verdi. Bir il sonra qurulacaq Müstəqil Azərbaycan Respublikasının ilk rüşeymlərini cücərdirdi.
O vaxtlar mən Naxçıvan şəhər Komsomol komitəsində işləyirdim. Bakıda və Naxçıvanda baş verən 20 Yanvar hadisəsinə etiraz əlaməti olaraq Kommunist partiyasından imtina etdik. 26 yanvar Naxçıvan Vilayət Komsomol komitəsinin 1-ci katibi Vəli Şahverdiyev tərəfindən toplanaraq və qərara aldıq ki, Naxçıvanda Komsomol təşkilatı da buraxılsın, onun yerinə Azərbaycanın Tərəqqisi uğrunda Gənclər İttifaqı yaradılsın. Bu təşkilat bir ilə yaxın fəaliyyət göstərdi.
1990-ci il iyul ayının 22-də Naxçıvana səs yayıldı ki, Heydər Əliyev Moskvadan Naxçıvana gəlir. Biz onda indiki Heydər Əliyev Muzeyinin yaxınlığında yaşayırdıq. O vaxtlar ora Azadlıq meydanı adlanırdı. İnsanlar axın – axın meydana toplaşdılar. Taxtadan hündür kürsü düzəldilmişdi. YAK-40 təyyarəsi Naxçıvan səmalarında göründü. Yarım saat sonra Heydər Əliyev yaxın adamlarının əhatəsində göründü. Bir çox insanlar onunla əl verib görüşür, hal-ehval tuturdular. O, kürsüyə qalxdı və əli ilə insanları salamladı. Yanımda dayanan iki yaşlı qadın bir – birinə deyirdi : “Necə də sınıxıb, böyük məmmuniyyətlə ona qulluq edərdik.” Bəli, naxçıvanlılar öz nicat yolunu onda gördükləri üçün onu qorumağa çalışırdılar. Heydər Əliyev bir müddət bacısının evində yaşadı. Oraya onunla görüşmək üçün çoxlu adamlar gəlirdi - yerli ziyalılar, jurnalistlər, onun müəllimləri və tələbə dostları, sadə adamlar, sıravi naxçıvanlılar.
1990-cı ilin avqust ayının 8-də “Kommunist” qəzetində xəbər çap olunmuşdur ki, “Ordubad rayonu Əylis kəndinin seçiciləri öz yığınacaqlarında ittifaq əhəmiyyətli fərdi pensiyaçı Heydər Əlirza oğlu Əliyevi 349-№li Vənənd kənd seçici dairəsindən Azərbaycan SSRİ xalq deputatlığına namizəd göstərmişlər.”Həmin ilin avqust günlərində demək olar ki, bütün MR-də bu cür yığıncaqlar keçirilir və çoxları Heydər Əliyevin namizdəliyini irəli sürürdü. Lakin sonda o, 340-№li Nehrəm seçki dairəsini seçdi. 30 sentyabrda Heydər Əliyev seçicilərin səs çoxluğu ilə o zamankı Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə deputat seçildi.
1990-ci il noyabrin 17-də Naxçıvan Ali Məclisinin l sessiyası keçirilirdi. Sessiya Naxçıvan televiziyası ilə birbaşa yanımlanırdı. Həmin sessiyada Azərbaycanın üç rəngli bayrağı ilk dəfə olaraq qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar olaraq 2 bəndlik qərar qəbul edilir. Eyni zamanda Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbulu və icrası böyük cəsarət tələb edirdi. Bu sessiyada eyni zamanda 20 yanvar hadisələrinə siyasi hüquqi qiymət verilməsi haqqında, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul edildi.
1991-ci il sentyabr ayının 3-də Naxçıvan MR Ali Məclisinin Sessiyası Ulu Öndər Heydər Əliyevi Naxçıvan MR-nın Ali Məclisinə sədr seçdi və elə həmin ayda Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında fərman imzalandı. Bir il keçməmişdi ki, Sovet Ordusunun 75-ci diviziyası Naxçıvandan yola salındı. Onların Naxçıvandan çıxması Heydər Əliyev tərəfindən məharətlə planlaşdırılırdı. Nəticədə diviziya komandiri Slabaşeviç zirehli texnikanı, silah-sursatları Naxçıvanda qoyub getmişdi. Belə bir məqamda Heydər Əliyevin Naxçıvanda olması taleyin bu torpağa bəxş etdiyi ən böyük xoşbəxtlik idi.
1992-ci ilin martın 22-25-də Türkiyənın 8-ci Prezidenti Turqut Özalın və baş nazir Suleyman Dəmirəlin dəvəti ilə Heydər Əliyev Türkiyə Cumhuriyyətinə səfər etdi. Bu səfərdə Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında Əməkdaşlıq haqqında Protokol imzalandı. Həmin ilin mayın 28-də Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimi keçirildi. Türkiyənin Naxçıvanda Baş Konsulluğu açıldı. O vaxt ərzaq sarıdan Naxçıvanda vəziyyət çox ağır idi. Bu körpü vasitəsilə Qırmızı Aypara Cəmiyyəti tərəfindən humanitar yardımlar, 22 min ton mazut və s.gətirilməyə başlandı. Naxçıvan elektrik enerjisi ilə təmin edildi. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyevin gördüyü işlər, tarixi əhəmiyyətli qərarlar MR-in, o cümlədən də Azərbaycanın qurtuluşuna, dirçəlişinə səbəb oldu.
1992-ci ilin oktyabr ayında 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması və ona rəhbərlik etməyə razılıq verməsi ilə əlaqədar müraciət etdi. 1991-ci ilin noyabrın 21-də Naxçıvanda C.Məmmədquluzadə adına teatrın binasında 550 nəfərin iştirakı ilə YAP təsis edildi. YAP-ın təsis edilməsi tarixin və taleyin təkidli tələbi idi. Dünyada belə bir hadisə olmamışdır ki, bir siyası təşkilat kimi yarandığı müddətdən cəmi 6 ay sonra hakimiyyətə gəlsin. Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxartdı. 15 iyun 1993-cü ilin oktyabr ayının 3-də keçirilən Prezident seçkilərində xalqın yüksək etimadı ilə prezident seçilməklə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi.
2003-cü ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda böyük quruculuq işlərinə start verildi. Regionların sosial-iqtisadi inkişafından başlayaraq Azərbaycanın qonşu ölkələrlə birlikdə həyata keçirilən transmilli layihələr bölgəmizin mənzərəsini dəyişdi. Düşünürəm ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbənin kökündə məhz bu dayanır - milli birlik, güclü dövlət, güclü ordu, güclü iqtisadiyyat.
Bu qələbədə eyni zamanda YAP-ın, onun siyasi rəhbərinin, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin məxsusi rolu və təşkilatçılıq qabiliyyəti xüsusi ilə vurğulanmalıdır.
Yaşasın Azərbaycan xalqının birliyi və bütövlüyünü özündə ehtiva edən Yeni Azərbaycan Partiyası!
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin
direktor səlahiyyətlərini icra edən
Zəkiyə Hacıyeva