Dünya okeanlarına çıxışımız olmasa da coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsidir
Nizami Niftiyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin fəal üzvü
Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin direktoru
Cəmiyyət – insanların birgə yaşayışı və fəaliyytəidir. Bir insan yaşayıb fəaliyyət göstərməsi üçün, mütləq digərlərinə ehtiyac duyar. Beləliklə insanların arasında ehtiyaclarına uyğun olaraq həm mənəvi, həm də maddi mübadilə yaranır. Zamanla ehtiyacların daha böyük, nizamlı və məhz pul qarşılığında təmin olunması ticarəti yaratdı. Ticarət tarixən ən gəlirli məşğuliyyət sahəsi olmuşdur. Bunu vaxtında başa düşən dövlətlər bu gün artıq dünyaya hökmranlıq edir.
Böyük Bitaniya bu günkü gücünə görə 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis ticarət şirkəti Ost – Hind şirkətinə borcludur. ABŞ, Çin dünya ticarətinin əsasını öz əllərində cəmləşdirirlər ki, bu da onların maliyyə nəhənglərinə və dünyada söz sahibinə olmasına gətirib çıxarıb.
Dünya ticarəti dedikdə Azərbaycanı kənarda buraxmaq qeyri mümkündür. Tarixən Azərbaycanın “Böyük İpək Yolu”nun üzərində yerləşməsi bütün böyük imperiaların Azərbaycana maraq göstərməsinin əsas səbəbidir.
Rusiya – Ukrayna müharibəsi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət artıq bu gün Azərbaycanın dünyada gedən siyasi proseslərin əsas mərkəzlərindən birinə çevirmişdir. Nəticədə Azərbaycan üzərindən Qərblə - Şərq arasındakı, ticari dövriyyəsi daha da artmış və bu gün keçdikcə də artır. Azərbaycanın dünya ticarətində etibarlı tərəfdaş olmasının əsas səbəbi ölkəmizdə uzun illər mövcud olan siyasi və iqtisadi sabitlikdir.
25 noyabr 2022 – ci il tarixində Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans da bunu bir daha sübut etdi. Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün ehtiyac olan iqtisadi və siyasi təhlükəsizlik və sabitlik Azərbaycanda mövcuddur və bu hər zaman da belə olacaq.Azərbaycan istənilən iri və genişmiqyaslı layihələrin icrası üçün,hazırdır.
Azərbaycanın açıq dənizə, okeanlara çıxışı olmasa da ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırmış, region və dünya əhəmiyyətli layihələr həyata keçirmişdir.“Bakı-Tiblis-Ceyhan neft kəməri”, “Bakı-Tiblis-Qars dəmiryolu”, “Azəri-Çıraq-Günəşli” qaz yatağı və digər beynəlxalq və sosial layihələr də bunlar sırasındadır. İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir.
BP ilə əməkdaşlığımız davam edir. Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı – mövcuddur. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu layihələrdə Türkiyə və Gürcüstan bizim daimi strateji tərəfdaşımızdır. Bundan sonra da beynəlxalq miqyaslı layihələr davam edəcək.
İşğaldan azad edildikdən sonra, Qarabağda böyük layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurun günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir.
Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir.Yaxın gələcəkdə Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Yeni salınmış Zəngilan hava limanı da mühüm əhəmiyyətə malikdir.Artıq yeni layihələr üzərində iş gedir. Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.Artıq Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri ehtyacı duyulur.
Bütün bu beynəlxalq layihələrin Azərbaycan üzərindən həyata keçirilməsi indi regionda təhlükəsizlik məsələlərini bəlkə də hər zaman olduğundan daha vacib edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında bütün ölkələrlə sülh və əməkdaşlıq şəraitində yaşamağa hazır olduğumuzu hər zaman vurğulayıb.
Azərbaycana olan mənfur niyyətlərə isə güc yolu ilə də cavab verməyə hazır olduğumuzu bildirib. 44 günlük Qarabağ müharibəsində Azərbaycan ordusunun gösərdiyi qəhrəmanlığı və yüksək səviyyəli hərbi – texniki və taktiki müharibə aparmaq bacarığı da bunu bir daha sübut etdi.
Azərbaycan ordusunun vaxtaşırı olaraq Qardaş Türkiyə və Pakistan orduları ilə apardığı təlimlər də Ermənistan və ona dəstək verən dövlətlərə Azəraycanın bu yolda tək olmadığına açıq bir mesajdır.
Siyasi və iqtisadi arenada da bir çox dövlətlər Azərbaycanın haqq işini dəstəkləyir. Bütün bunlar Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin uzun illər apardığı xarici və daxili siyasətinin nəticəsidir.