YAP gəncləri cəmiyyətin aparıcı qüvvəsidir

YAP gəncləri cəmiyyətin aparıcı qüvvəsidir

Nurşən Həsənova

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Suraxanı Rayon, Bülbülə Bələdiyyəsinin əməkdaşı

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu gün Ulu Öndər Heydər Əliyevin bizlərə ən böyük hədiyyəsidir. Gənclər qürur və fəxarətlə Azərbaycan Gənclərinin ilk Formunun keçirilməsinin 30 illik yubileyini qeyd edirlər. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət Gənclər Siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulmasında və gələcək inkişaf strategiyasının uğurla reallaşdırılmasında gənclərin rolu əvəzsizdir. Məhz bu reallığı əsas götürən Ümummilli Lider Heydər Əliyev gəncləri xalqın gələcəyi, dövlətin əsas dayağı kimi dəyərləndirmiş və gənclər siyasətini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan gəncliyi həm fiziki, həm də mənəvi baxımdan sağlam, yüksək intellektual səviyyəyə malik, milli-mənəvi dəyərlərə sadiq bir nəsil kimi formalaşmışdır. Gənclərə dair bu strateji baxış 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması ilə institusional əsaslar üzərində möhkəmləndirilmişdir. Bu addım gənclərlə bağlı dövlət siyasətinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə geniş imkanlar açmışdır.

Azərbaycan gənclərinin forumları, gənclər hərəkatının genişlənməsi, istedadlı gənclərə göstərilən xüsusi diqqət və qayğı, o cümlədən “Qızıl kitab” kimi təşəbbüslər dövlətin gənclərə olan yüksək etimadının göstəricisidir. Gənclər siyasətinin hüquqi bazasının formalaşdırılması, bu sahəni əhatə edən qanunvericilik aktları gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini təmin etmişdir.

Bu siyasət bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü gənclər siyasəti gənclərin ictimai-siyasi fəallığının artmasına, onların ölkənin sosial-iqtisadi həyatında daha yaxından iştirak etməsinə şərait yaratmışdır. Azərbaycan gəncliyi bu gün azad, sabit və güclü bir ölkənin vətəndaşı olmaqdan haqlı olaraq qürur duyur.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, paytaxt Bakı və bölgələrdə yaradılan “Gənclər evləri”, Prezident yanında Gənclər Fondunun təsis edilməsi gənclərin potensialının üzə çıxarılmasına xidmət edən mühüm addımlardır. “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti gənc kadrların formalaşdırılması və irəli çəkilməsi siyasətinin bariz nümunələridir. Könüllülər hərəkatı isə gənclərin ictimai məsuliyyət hissinin güclənməsində xüsusi rol oynayır.

Yeni Azərbaycan Partiyası gənclərin cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmasını daim diqqət mərkəzində saxlayır. YAP gəncləri Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşən, dövlətçilik maraqlarını hər zaman üstün tutan fəal və məsuliyyətli gənclərdir. Əminik ki, Azərbaycan gəncliyi bundan sonra da müstəqil dövlətimizin daha da güclənməsinə layiqli töhfələr verəcəkdir.

Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqla öz vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişdir. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda canından keçən və döyüşən gənclərimiz xalqımızın ən yeni tarixinə şərəfli səhifələr yazmışdır. Bu gün də gənclərimiz informasiya müharibəsində, ictimai-siyasi və ideoloji müstəvidə ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edirlər.

Azərbaycanın idman ölkəsi kimi tanınması, Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi, idmançılarımızın beynəlxalq arenalarda qazandığı uğurlar gənclərə göstərilən dövlət qayğısının real nəticəsidir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi innovativ düşüncə, rəqəmsal bacarıqlar və müasir biliklərlə silahlanaraq ölkənin gələcək inkişafında fəal rol oynayır. Heydər Əliyev Fondunun gənclərin təhsili və inkişafı sahəsində gördüyü işlər, gənclərin xaricdə təhsilinə göstərilən dövlət dəstəyi bu siyasətin ayrılmaz tərkib hissəsidir.