YAP Gənclər Birliyinin illik hesabat iclası keçirilib
Aprelin 6–da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin illik hesabat iclası keçirilib. İclasda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov təşkilatın 11.03.2021-11.03.2022-ci il ərzində fəaliyyətinə dair hesabatı təqdim edib. B.İslamov bildirib ki, Partiyanın VII Qurultayında qəbul olunmuş yeni Nizamnaməyə əsasən YAP Gənclər Birliyi yenidən formalaşdırılıb. Onun sözlərinə görə, ötən bir il ərzində birlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP Gənclər Birliyinin altı iclası keçirilib, 80-dən çox tədbir və layihə reallaşdırılıb, region gəncləri ilə görüşlər keçirilib. Eyni zamanda, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Davamlı İnkişaf Məktəbi” layihəsi, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Ümumrespublika Xəmsə Festivalı, “Viki Klub” layihəsi keçirilən tədbirlər sırasındadır. Bundan əlavə, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşdə YAP Gənclər Birliyinin üzvləri də iştirak edib. Hesabat dövründə 44 günlük Vətən müharibəsinə, Azərbaycan həqiqətlərinin və Ermənistanın xalqımıza qarşı törətdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması işinə həsr olunmuş tədbirlər də reallaşdırıb, bu yöndə sosial şəbəkələrdə fəal iş aparılıb.
YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən B.İslamov hesabat dövründə Türkiyə, Qazaxıstan və Ukraynaya baş tutuş səfərlər haqqında da məlumat verib. O, birliyin fəaliyyətində Heydər Əliyev ideyalarının və Prezidentimiz cənab İlham Əliyevin siyasətinin təbliğ olunmasının əsas yer tutduğunu diqqətə çatdırıb. B.İslamov göstərilən dəstəyə görə partiya rəhbərliyinə təşəkkürünü bildirib.
İclasda daha sonra YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, üzvləri Ülviyyə Axundova, Nihad Allahyarlı və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva çıxış edərək fikir və təkliflərini bildiriblər.
İclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hesabat dövründə partiyanın Gənclər Birliyinin geniş və əhatəli tədbirlər həyata keçirdiyini vurğulayıb. Azərbaycan gənclərinin intellektual potensiala sahib olduğunu deyən Tahir Budaqovun sözlərinə görə, YAP Gənclər Birliyi də məhz bu amil əsasında formalaşdırılıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir.
Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən YAP Sədrinin müavini ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli maraqlarımızın, milli mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik hisslərinin aşılanması işində, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla mübarizə çərçivəsində sosial şəbəkələrdə fəallığını daha da gücləndirməlidirlər. Qeyd olunub ki, bu il Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur, eləcə də ölkəmizdə “Şuşa İli” elan edilib. Bu əlamətdar hadisələrlə bağlı YAP Gənclər Birliyi yeni təşəbbüslərlə çıxış etməlidir.
İclasda önəmli təkliflərin irəli sürüldüyünü deyən Tahir Budaqov bildirib ki, YAP Gənclər Birliyinin üzvləri partiya rəhbərliyinin etimadını doğrultmaq üçün fəaliyyətlərini daha da gücləndirməlidirlər. YAP Mərkəzi Aparatının rəhbəri qarşıda dayanan vəzifələrlə bağlı gənclərə tövsiyə və tapşırıqlarını verib. /upload/editorphotos/files/YAP%20GB%20-21-22%20HESABAT.pd