YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır
İbrahim İbrahimov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin sədr müavini
2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Yeni Azərbaycan Partiyasının VII qurultayı yeni vəzifələrin müəyyən edilməsi və partiya fəaliyyətində mühüm qərarların qəbulu ilə əlamətdar oldu. Qurultay bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının alternativsiz siyasi etimad ünvanıdır. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib.
YAP-ın VII qurultayında qəbul olunmuş qərarlardan, hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyündən, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığından söhbət açılıb: “Bu həmrəylik Vətən müharibəsində özünü açıq şəkildə büruzə verdi. Xalq Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Bu, həm də dövlətimizin başçısına olan inamdan irəli gəlirdi.
YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirən ümumxalq partiyasıdır və ölkə daxilində ictimai-siyasi münasibətlərin inkişafında, həmçinin Azərbaycanın tərəqqisində mühüm rol oynayan aparıcı qüvvədir.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir məmləkəti, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Odlar Yurdu Azərbaycanın hakim partiyasıdır. Onun başında hər bir azərbaycanlının Prezidenti, Müzəffər Ali Baş Komandan dayanır. Biz onunla BİRLİKDƏ GÜCLÜYÜK! O, xalqın arxasında dayandığı kimi, xalq da ona arxalanır, ona inanır, ona güvənir, ona etibar edir, etimad göstərir!