“Xəzər Neft və Qaz” Sərgisi sonrakı dövrdə genişlənərək “Bakı Enerji Həftəsi”nə çevrilib
Firuzə Aslanova
Suraxanı Tibb Mərkəzinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Azərbaycanın enerji siyasəti ölkənin milli maraqları ilə qlobal çağırışlar arasında uğurlu balans yaratmağa imkan verir. Bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən ölkəmiz, digər tərəfdən bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində ardıcıl addımlar atır. Bakı Enerji Həftəsi də məhz bu uğurlu strategiyanın beynəlxalq miqyasda nümayiş olunduğu mühüm platforma kimi çıxış edir.
“Baku Energy Forum”un açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, vaxtilə “Xəzər Neft və Qaz” Sərgisi müasir Azərbaycanın enerji inkişafının əsasını qoyub və sonrakı dövrdə genişlənərək “Bakı Enerji Həftəsi”nə çevrilib. Dövlətimizin başçısı vurğulayıb ki, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında ənənəvi enerji resursları hələ də mühüm rol oynayır. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişikliklərinə qarşı mübarizə də prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın makroiqtisadi göstəricilərinin müsbət dinamikasını da diqqətə çatdırıb. Ölkəmizin beynəlxalq kredit reytinqlərinin yüksəlməsi, yoxsulluğun və işsizliyin minimum səviyyəyə enməsi, xarici borcun əhəmiyyətli dərəcədə azalması həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan artıq yalnız xarici investisiyaları cəlb edən ölkə deyil, eyni zamanda beynəlxalq investorlardan birinə çevrilib. Bu gün SOCAR müxtəlif regionlarda, o cümlədən Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada mühüm layihələr həyata keçirir və investisiya coğrafiyası davamlı olaraq genişlənir.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrində reallaşdırdığı beynəlxalq layihələr də xüsusi diqqət mərkəzində olub. Qara dəniz enerji kabeli, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik xətti layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə yanaşı, ölkəmizin strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirir.