Xəzər dənizinin enerji ehtiyatları Avropa bazarında

Xəzər dənizinin enerji ehtiyatları Avropa bazarında

Sevinc Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı qeyd etdi ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.

Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.

Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında qeyd edildi ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün mühüm layihələrdən biridir və Azərbaycan bu layihənin əsas təşəbbüskarlarındandır.

Layihə Xəzər dənizinin enerji ehtiyatlarını Avropa bazarına çatdıraraq enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi fəaliyyət göstərir və bir çox ölkələrlə enerji sahəsində uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qaz ixracının son illərdə artdığını və gələcəkdə daha da genişləndirilməsinin planlaşdırıldığını vurğulamışdır. Mövcud enerji infrastrukturu modernləşdirilir və yeni layihələr həyata keçirilir. Bu proses Avropa ölkələrinin enerji tələbatının ödənilməsində Azərbaycanın rolunu daha da gücləndirir. Bununla yanaşı, çıxışda yaşıl enerji siyasətinə də xüsusi diqqət yetirilmişdir.

Azərbaycan günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin inkişafına böyük önəm verir. Xarici investorlarla əməkdaşlıq çərçivəsində yeni enerji layihələri həyata keçirilir və ölkədə alternativ enerji istehsalının artırılması nəzərdə tutulur. Prezident həmçinin azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinin həyata keçirildiyini qeyd etmişdir. Bu ərazilərdə müasir və ekoloji cəhətdən təmiz enerji infrastrukturu yaradılır və regionun inkişafına yeni imkanlar açılır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın həm ənənəvi enerji resurslarının ixracında, həm də bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək niyyətini göstərir. Bu siyasət ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və qlobal enerji bazarında mövqeyinin gücləndirilməsinə xidmət edir.