Xocalı faciəsi: Erməni millətçilərinin qanlı soyqırım siyasəti
Vüsalə Qurbanova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Hər il 26 fevral tarixində ölkəmizdə və xaricdə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir, bir dəqiqəlik sükut elan olunur, silsilə tədbirlər keçirilir. Bu ənənəvi anım mərasimləri xalqımızın milli yaddaşının və tarixi həqiqətlərin qorunmasına xidmət edir. Bu faciə təkcə bir gecənin dəhşəti deyil, Azərbaycan xalqına qarşı uzun illər aparılan etnik təmizləmə və təcavüz siyasətinin kulminasiya nöqtəsidir.
Tarixi mənbələr göstərir ki, XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişdirilməsi, azərbaycanlı əhalinin sıxışdırılması və torpaqlarından deportasiyası mərhələli şəkildə həyata keçirilmişdir. 1905–1907-ci illər hadisələri, 1918-ci ilin mart soyqırımı, 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası və nəhayət, XX əsrin sonlarında Dağlıq Qarabağ münaqişəsi bu siyasətin davamlı xarakter daşıdığını göstərir..
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl dövlət siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən sistemli xarakter almışdır. Onun rəhbərliyi dövründə faciənin hüquqi-siyasi aspektləri dövlət səviyyəsində sənədləşdirilmiş, beynəlxalq təşkilatlara təqdim olunmuş və diplomatik müstəvidə tanıdılması istiqamətində fəaliyyət genişləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə, o cümlədən Xocalıya mütəmadi səfərlər edərək burada aparılan bərpa və yenidənqurma işlərinə şəxsən nəzarət edir. Xocalı şəhəri 2023-cü ilin sentyabrında tam nəzarətə götürüldükdən sonra bölgədə genişmiqyaslı infrastruktur layihələrinə start verilmişdir. Prezidentin səfərləri çərçivəsində tikinti sahələrinə baxış keçirilmiş, yeni layihələrin təməli qoyulmuş və strateji tapşırıqlar verilmişdir.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və Xocalıya qayıdış həm şəhidlərin ruhuna ehtiram, həm də gələcək nəsillər üçün ümid və güc mənbəyidir.