"Xızı-Abşeron” Külək Elektrik Stansiyası gələcəyə hesablanmış kapitaldır

"Xızı-Abşeron” Külək Elektrik Stansiyası gələcəyə hesablanmış kapitaldır

Pərvanə Cəfərova

Suraxanı Gənclər Evinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Reallaşdırılan və görülən çoxşaxəli tədbirlər Azərbaycanımızı bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi edəcək. Bu gün enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özümüzü çox rahat hiss edirik. Artıq 30-40 il bundan əvvəl yaşanan kritik problemlər tamamilə həll olunub. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxışında da məsələyə diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, sözügedən layihə ölkəmizin enerji potensialını gücləndirəcək. 

240 meqavat gücündə olan bu stansiya respublikamızın ümumi inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır.

Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Yuxarıda da qeyd etdiyimiz ki, bərpa olunan enerji layihələri öıkəmizin hər bölgəsini əhatə etməkdədir.

Cənab Prezident çıxışında qeyd edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. “Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq”- deyə Azərbaycan Prezidenti nitqinə əlavə edib.

Açılış mərasimində xaricdən cəlb olunan sərmayə haqqında da məlumat verilib. Bildirilib ki, ölkəmizdə gözəl investisiya iqlimi var və 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Hazırda ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Qeyd edilməlidir ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir.

Təsadüfi deyil ki, bu gün ölkəmizin kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Dünyanın hər bir dövlətinin başlıca məsələlərindən biri də onun xarici borcunun miqyası ilə bağlıdır. Bu baxımdan ölkəmizin əldə etdiyi nailiyyət də fəxr olunasıdır. Belə ki, hazırda xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək.