Xarici Diplomatların Qarabağ Səfərləri və Erməni Revanşizminin İflası

Xarici Diplomatların Qarabağ Səfərləri və Erməni Revanşizminin İflası

Sitarə Abbasova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin əməkdaşı

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən və suverenliyini bütün ölkə ərazisində tam bərpa etməsindən sonra regionda tamamilə yeni geopolitik reallıqlar yaranıb. Bu reallıqların beynəlxalq müstəvidə qəbul olunmasının ən bariz göstəricilərindən biri Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil edilən genişmiqyaslı səfərləridir. Dünyanın aparıcı güclərini təmsil edən 150 nəfərdən çox diplomat və hərbi ataşenin Şuşa, Xankəndi, Ağdam, Füzuli, Zəngilan və Laçına etdiyi kollektiv səfərlər Ermənistanın revanşist dairələrində növbəti isterika və dərin siyasi böhran dalğası yaradıb.

Ermənistanın rəsmi və qeyri-rəsmi təbliğat maşını 30 il ərzində dünya ictimaiyyətinə işğal altındakı ərazilər barədə tamamilə saxtalaşdırılmış rəy sırımağa çalışırdı. Lakin xarici ölkə səfirlərinin regiona səfər edərək həm erməni vandalizminin real nəticələrini (tamamilə məhv edilmiş şəhərlər, dağıdılmış məscidlər və qəbirlər), həm də Azərbaycanın həyata keçirdiyi möhtəşəm "Böyük Qayıdış" layihələrini öz gözləri ilə görməsi İrəvanın çoxmilyonluq lobbi fəaliyyətini iflasa uğratdı.

Diplomatların işğaldan azad edilmiş ərazilərdə çəkdirdiyi fotolar, keçirdikləri rəsmi görüşlər və sosial şəbəkə paylaşımları rəsmi Bakının beynəlxalq hüquqa söykənən legitim mövqeyinin növbəti təsdiqi oldu. Bu mənzərə erməni revanşistləri üçün ağır psixoloji zərbəyə çevrildi, çünki onlar xarici dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü bu dərəcədə qətiyyətlə və əyani şəkildə dəstəkləyəcəyini gözləmirdilər.

Xarici diplomatların Qarabağda, xüsusilə də separatizmin keçmiş "qalası" sayılan Xankəndidə və Şərqi Zəngəzurun strateji nöqtələrində addımlaması Ermənistanın radikal-millətçi müxalifəti, kilsə dairələri və media resursları tərəfindən böyük qəzəblə qarşılanıb

Azərbaycanlı ekspertlərin rəyinə görə, Ermənistan daxilindəki bu revanşist dalğa təkcə kənar radikalların deyil, həm də Paşinyan hakimiyyətinin qeyri-səmimi siyasətinin nəticəsidir. Bir tərəfdən beynəlxalq tərəfdaşlara sülh müqaviləsinə hazır olduqlarını bəyan edən İrəvən, digər tərəfdən daxildəki anti-Azərbaycan və revanşist ritorikanın tamamilə qarşısını almır, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və ordusunu sürətlə silahlandırır.

Diplomatik korpusun səfərlərinə göstərilən aqressiv reaksiya sübut edir ki, Ermənistanda hələ də regionun coğrafi və siyasi reallıqlarını qəbul edə bilməyən, xülyalarla yaşayan böyük bir siyasi təbəqə mövjuddur. Onlar başa düşmək istəmirlər ki, beynəlxalq hüquq və güc balansı artıq geri dönməz şəkildə Azərbaycanın tərəfindədir.

Azərbaycanda fəaliyyət göstərən dünya diplomatlarının Qarabağ və Şərqi Zəngəzura etdiyi səfərlər sadəcə bir protokol tədbiri deyil. Bu, regionun gələcək xəritəsinin və sülh memarlığının rəsmən tanınmasıdır. Erməni revanşistlərinin bu prosesə qarşı göstərdiyi isterik müqavimət isə onların tarixi proseslərin gedişatını dəyişmək gücündə olmadıqlarını göstərən növbəti çarəsizlik aktıdır. Regionda davamlı sülhün bərqərar olması üçün Ermənistan cəmiyyəti revanşizm xəstəliyindən birdəfəlik qurtulmalı və Azərbaycanın suveren əraziləri üzərindəki tarixi və hüquqi haqlarını tam qəbul etməlidir.

Paylaş