Azərbaycan və Slovakiya Arasında Strateji Tərəfdaşlıq: Qarabağın Yenidən Qurulmasından Müdafiə Sənayesinə Uzanan Uğurlu Yol

Azərbaycan və Slovakiya Arasında Strateji Tərəfdaşlıq: Qarabağın Yenidən Qurulmasından Müdafiə Sənayesinə Uzanan Uğurlu Yol

Əfsanə Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindən biri müxtəlif ölkələrlə ikitərəfli əlaqələrin qurulması və bu münasibətlərin yeni platformalar üzrə inkişaf etdirilməsidir. Suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən ölkəmiz bu gün qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqının üzvü olan Slovakiya ilə əlaqələrinin genişləndirilməsi və strateji səviyyəyə çatdırılması istiqamətində atılan addımlar xüsusi əhəmiyyət kəsb edir.
İki ölkə arasında münasibətlərin davamlı inkişafında 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana etdiyi rəsmi səfər əhəmiyyətli dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev ilə keçirilən yüksək səviyyəli görüşlərin yekununda "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə" imzalandı. Bu tarixi sənəd Bakı ilə Bratislava arasında əlaqələri keyfiyyətcə yeni və daha yüksək bir mərhələyə daşıdı.
Münasibətlərin dinamik və davamlı xarakterini nümayiş etdirən növbəti mühüm hadisə isə cari ilin iyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri oldu. Səfər çərçivəsində dövlət başçıları əvvəlcə təkbətək (fərdi) görüş keçirərək əməkdaşlığın gələcək imkanlarını müzakirə etdilər. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edən danışıqların yekununda prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər.

Bu gün Azərbaycan–Slovakiya tərəfdaşlığının ən qürurverici və praktiki istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin, xüsusilə Qarabağın yenidən qurulması layihələridir. Slovakiya şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsində fəal rol alırlar. Artıq 2025-ci ilin sentyabrında Slovakiyanın "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC arasında fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanmış və layihəyə uğurla start verilmişdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında bu əməkdaşlığı yüksək qiymətləndirərək bildirib: “Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir”. Dövlət başçısı slovakiyalı həmkarı Peter Pelleqrini ilə birlikdə layihənin gedişatı ilə yaxından tanış olmaq üçün Ağdamın Baş Qərvənd kəndinə səfər edəcəklərini də xüsusi vurğulamış, göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmişdir. Bu addım Avropa texnologiyalarının və müasir şəhərsalma həllərinin Qarabağda tətbiqinin ən uğurlu nümunəsidir.

İki dövlət arasında siyasi dialoqla yanaşı, iqtisadi və hərbi-texniki əlaqələr də sürətlə güclənir. Müdafiə və müdafiə sənayesi sahəsində qurulan hüquqi baza ikitərəfli tərəfdaşlığın əsas sütunlarından birinə çevrilir. Bu çərçivədə icra olunan müdafiə sənayesi layihələri hər iki ölkənin hərbi imkanlarının artırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın bərqərar olmasına şərait yaradır.
Səfər çərçivəsində təşkil olunan Biznes-forumda isə əlaqələrin yalnız mövcud sahələrlə məhdudlaşmadığı, həmçinin infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su idarəçiliyi və müasir texnologiyalar kimi sahələrdə də nəhəng potensialın mövcud olduğu vurğulanıb.

Azərbaycan Slovakiya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, hərbi və humanitar sahələri əhatə edən bu tərəfdaşlıq hər iki dövlətin milli maraqlarına tam cavab verir. Ali səviyyəli görüşlərdə səsləndirilən fikirlər və atılan praktiki addımlar sübut edir ki, Bakı və Bratislava gələcəyə doğru daha böyük layihələrlə addımlamaq əzmindədir.