Xarici Diplomatların Qarabağ Səfəri: İrəvanın "Sülh" Maskasını Cıran Revanşizm niyyəti

Xarici Diplomatların Qarabağ Səfəri: İrəvanın "Sülh" Maskasını Cıran Revanşizm niyyəti

Vüsal Qasımov

YAP Suraxnaı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti kütləvi səfəri regional sülh prosesi ətrafındakı reallıqları bir daha gün işığına çıxardı. Dünya birliyini təmsil edən xarici diplomatların Azərbaycanın azad edilmiş ərazilərində hərəkət etməsi Ermənistan cəmiyyətində və siyasi dairələrində böyük bir isterika və qəbul edilməz reaksiya doğurub. Beynəlxalq hüququ heçə sayan bu aqressiv yanaşma rəsmi İrəvanın sülh bəyanatlarında nə dərəcədə qeyri-səmimi olduğunu növbəti dəfə təsdiqləyir.
Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Beynəlxalq birliyin nümayəndələrinin bu torpaqlara səfər etməsi ölkəmizin ərazi bütövlüyünün birmənalı olaraq tanınmasının növbəti əyani göstəricisidir. Belə bir məqamda Ermənistan cəmiyyətinin xarici diplomatları hədəf alması və onları hərəkətlərinə görə linç etməyə çalışması Azərbaycanın daxili işlərinə kobud və qanunsuz müdaxilədir. Bu mövqe, Ermənistanın rəsmi səviyyədə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması barədə verdiyi bəyanatlarla köklü şəkildə ziddiyyət təşkil edir.
Ermənistanın bu proseslərə reaksiyası fonunda onun ifşa olunan ən böyük tezislərindən biri də tarixi saxtalaşdırma cəhdləridir.
Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəng kimi qədim Qafqaz Albaniyası irsini erməni abidəsi kimi təqdim etməyə çalışır, lakin öz ərazisindəki çoxəsrlik Azərbaycan mədəni izlərini tamamilə inkar edir? Erməni ideologiyası tərəfindən formalaşdırılan "Azərbaycanda tarixən ermənilər yaşayıb, lakin Ermənistanda azərbaycanlılar olmayıb" narrativi açıq bir rasist yanaşmadır. Qafqaz Albaniyasının bu torpaqlardakı tarixi varlığının inkar edilməsi erməni cəmiyyətindəki etnik dözümsüzlüyün və ksenofobiyanın pik nöqtəsidir. Azərbaycan dövləti isə öz ərazisindəki bütün tarixi abidələri mənşəyindən asılı olmayaraq tam məsuliyyətlə qoruyur və Ermənistandan fərqli olaraq həqiqətlərlə üzləşməkdən qorxmur.
Ermənistandakı bu aqressiv kampaniyanın sadəcə radikal müxalifət və ya marjinal qrupların işi olduğunu düşünmək sadəlövhlik olardı. Təhlillər göstərir ki, xarici diplomatlara qarşı başladılan linç kampaniyasının arxasında birbaşa Ermənistan hakimiyyəti dayanır. Çünki bu nifrət dolu paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın media resurslarında tirajlanır. Bunun ən bariz sübutu kimi Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın diplomatların səfəri ilə bağlı verdiyi yolverilməz və destruktiv açıqlamasını göstərmək olar. Bundan əlavə, parlamentdə 2022-ci ilin sentyabrında törədilmiş sərhəd təxribatlarında həlak olan hərbçilərin xüsusi şou ilə yad edilməsi ölkədə revanşizm əhval-ruhiyyəsinin dövlət səviyyəsində qızışdırıldığını bəyan edir.
Ermənistan bu gün dözümsüzlük nümayiş etdirsə də, onun keçmişi mədəni cinayətlərlə doludur. Ermənistan tərəfi Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) xalqımızın min illər boyu yaratdığı mədəni irsi – tarixi abidələri, məscidləri və qəbiristanlıqları qəsdən tamamilə məhv edib. Regionun tarixi mənzərəsini silməyə yönəlmiş bu hərəkətlər beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun qərarlarının kobud şəkildə pozulması deməkdir.
Faktiki olaraq, 2020-ci il müharibəsində və 2023-cü il antiterror tədbirlərindən sonra məğlub olan Paşinyan hakimiyyətinin sülhə getməkdən başqa çarəsi qalmayıb. Lakin daxildə idarə olunan bu cür diplomatik və mədəni hücumlar Ermənistanın sülh prosesini qəsdən manipulyasiya etmək və ona zərbə vurmaq niyyətində olduğunu göstərir. Regionda davamlı sabitlik yalnız İrəvanın bu rasist və revanşist xülyalardan tamamilə imtina etməsi ilə mümkündür.

Paylaş