Hacıbala Abdullayev
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Bundan iyirmi il öncə, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən Azərbaycan xalqı Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə və layiqincə başa çatdıracaq. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq olduğuna şahidlik etdik. Bugünkü reallıqlarımız bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” çağırışının əməli işdə öz təsdiqini tapmasıdır. İlham Əliyev mahir strateq, zəmanəmizin ən parlaq liderlərindən biri, dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş rəhbərdir. Prezident İlham Əliyevin imza atdığı bugünkü nailiyyətlər, Azərbaycanın gələcəkdəki daha böyük uğurları üçün möhkəm təməllər formalaşdırır.
20 ilin mənzərəsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran siyasi xadimdir. aBu illər ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı addım-addım, pillə-pillə yüksəldir, inkişaf etmiş dövlətlərin sırasına çatdırdı. Dövlətimizin başçısı iyirmi il əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Qazanılan uğurlar hər gün, hər saat bizi bu müqəddəs məqsədə doğru aparırdı. Atlan hər bir addım xalqımızı bu müqəddəs ana yaxınlaşdırırdı. Bir vaxtlar çoxlarına yuxu kimi görünən bu hadisələr artıq reallığa çevrilib. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu.
Artıq Azərbaycan dünyada söz sahibinə çevrilib, hətta bəzi məsələlərdə ölkəmizlə hesablaşırlar. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, iqtisadi gücə malik olduq, qüdrətli ordu yaratdıq. Bu ordu Ermənistan silahlı qüvvələrini 44 gün ərzində darmadağın etdi və 3 il sonra isə qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdə törətdikləri təxribatlara və mina müharibəsinə cavab olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirlərində cəmi 24 saat ərzində düşməni diz çökdürdü. Bununla da təxminən 200 il əvvəl başlayan separatçılıq fəaliyyətlərinə son qoyuldu.
Üç il bundan öncə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Həmin vaxt müharibə dayandırılsa da Azərbaycan xalqı çox yaxşı bilirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Ermənistan silahlı birləşmələri digər ərazilərimizdən də çıxarılacaq, o torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılacaq. Elə də oldu. Çox qısa müddətdən - üç ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza Xankəndidən müraciət etdi. Bu, böyük xoşbəxtlik və bənzəri olmayan tarixi hadisədir. Xalqımıza bu şərəfli tarixi yaşadan və yaradan, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev, onun rəhbərlik etdiyi Azərbaycan Ordusudur.
Azərbaycanda ordu quruculuğu prosesləri də uğurla davam etdirilir, qabaqcıl təcrübə və texnologiyalarla ölkəmizin müdafiə qabiliyyəti getdikcə artır, əsgər və zabitlərimizin döyüş ruhu yüksəlir, gənclərimiz hərbi xidmətlərini həvəslə, Vətənə böyük sevgi hissi ilə yerinə yetirirdilər. Prezident İlham Əliyev Ordumuzun gücü ilə Ermənistanı hərb meydanında məğlub etdiyi kimi, strateji baxışı, qətiyyəti, müdrikliyi ilə diplomatiya məkanında da məğlubiyyətə uğratdı. Beynəlxalq aləm Azərbaycanın Qələbəsini qeyd-şərtsiz qəbul etdi. İlk növbədə ona görə ki, bu haqqın qələbəsi idi.
Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas missiyası dövlətin, xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.
Bu müqəddəs missiyanın Ümummilli Liderin 100 illiyini qeyd etdiyimiz “Heydər Əliyev İli”ndə həyata keçirilməsi xüsusilə əlamətdardır. Çünki məhz Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili ən çətin anlarda Azərbaycan xalqının yardımına yetişib və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Cənab Ali Baş Komandanın 8 Noyabr 2020-ci ildə məhz Şuşada dediyi “Ata vəsiyyətini yerinə yetirdim” sözləri Ulu Öndərin yolunun layiqincə davam etdiyinin göstəricisidir.
Prezident İlham Əliyev 15 Oktyabrda həmçininn Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarında Azərbaycanın Dövlət Bayrağını ucaltması hər bir azərbaycanlının bu gün və gələcəkdə qürur duyacağı ən böyük hadisə kimi tariximizə həkk olunub.
Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan bayrağı o torpaqlarda əbədi olaraq dalğalanacaqdır!