Xankəndi Zirvəsi, işğaldan azad edilmiş torpaqlarda keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərin davamıdır

Xankəndi Zirvəsi, işğaldan azad edilmiş torpaqlarda keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərin davamıdır
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
2025-ci il iyulun 4-də Azərbaycanın qədim şəhəri Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi, regionda yeni bir dövrün başlandığını və Azərbaycanın beynəlxalq aləmdəki möhkəmlənən mövqeyini nümayiş etdirən tarixi bir hadisə oldu. Prezident cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışı, Azərbaycanın keçdiyi zəfər yoluna, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə və regional əməkdaşlığın gələcək perspektivlərinə hərtərəfli bir baxış təqdim etdi. Prezident cənab İlham Əliyev çıxışına Zirvə iştirakçılarını simvolik məna daşıdığını qeyd etdi. Bu, Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq Qarabağın qədim torpağı olan Xankəndidə salamlamaqla başlayaraq, bu tədbirin xüsusi öz ərazi bütövlüyünü bərpa etməsinin təntənəsi idi.
Dövlət başçısı Azərbaycan xalqının və dövlətinin işğalla heç vaxt barışmadığını və torpaqların hərbi yolla azad ediləcəyi barədə dəfələrlə xəbərdarlıq etdiyini xatırlatdı. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Nəticədə, Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktını imzalamağa məcbur oldu.
İşğal dövrü ərzində Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndləri, o cümlədən mədəni və dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir. 67 məsciddən 65-i tamamilə dağıdılmış, qalan ikisi isə təhqir olunaraq donuz və inək tövləsi kimi istifadə edilmişdir ki, bu da bütün İslam dünyasına qarşı hörmətsizlik idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Xarici ekspertlərin iştirakı ilə aparılan ilkin qiymətləndirmələrə görə, işğal nəticəsində Azərbaycana dəymiş ziyan təxminən 150 milyard ABŞ dolları təşkil edir. Bundan əlavə, Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılması nəticəsində Vətən müharibəsi bitdikdən sonra 400-ə yaxın Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır.
Bu dağıntılara baxmayaraq, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. “Böyük Qayıdış” proqramı çərçivəsində yeni şəhərlər və kəndlər salınır. Artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmiş və hazırda 50 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır və çalışır. Zirvə görüşünün məhz Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi bu quruculuq prosesinin bariz nümunəsidir.
Azərbaycanın ECO Zirvə görüşünə üçüncü dəfə ev sahibliyi etməsi (əvvəlkilər 2006 və 2012-ci illərdə Bakıda keçirilmişdi) ölkənin təşkilatın işindəki fəal rolunu göstərir. Xankəndi Zirvəsi, işğaldan azad edilmiş torpaqlarda keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərin davamıdır. Bunlara 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və 2025-ci ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü daxildir.
Prezident cənab İlham Əliyev, Qazaxıstana ECO-ya uğurlu sədrliyi üçün təşəkkürünü bildirərək, Azərbaycanın təşkilat çərçivəsindəki təşəbbüslərini də vurğuladı . Bu il ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə ECO Həftəsi keçirilmiş, bu çərçivədə Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil edilmişdir. Həmçinin, ECO-nun Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması istiqamətində işlər aparılır.
2026-cı il üçün Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi də təşkilat tərəfindən dəstəklənən mühüm təşəbbüslərdəndir. Çıxışda Azərbaycanın iqtisadi uğurlarına da geniş yer verildi. Son 20 ildə ölkə iqtisadiyyatına təxminən 350 milyard ABŞ dolları sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edərək bir çox ölkənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır və bu göstəriciyə görə dünyada ön sıralardadır.
Ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri isə ECO üzvü olan ölkələrin əksəriyyəti üçün əlverişli tranzit imkanları yaradır. Prezident cənab İlham Əliyev çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına sülh yolu ilə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyini də vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının bu hüququ dəstəkləyən və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan imtinasını pisləyən qətnamə və bəyannaməsinin 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilməsi yüksək qiymətləndirildi.
Nəticə olaraq, Xankəndidə keçirilən Zirvə görüşü və Prezident cənab İlham Əliyevin bu tədbirdəki çıxışı, Azərbaycanın həm hərbi-siyasi, həm də iqtisadi və diplomatik sahələrdəki qələbəsinin, eləcə də regionda sülh, quruculuq və inkişaf naminə əməkdaşlığa verdiyi önəmin təsdiqi oldu.